Bakıda “sarı tor” yeniliyi tıxaclara necə təsir edəcək?
Cəmiyyət
03.11.2025 16:28
20 Yanvar dairəsinin Yasamal rayonuna düşən hissəsində – Moskva prospektinin Müzəffər Həsənov və Zərdabi küçələri ilə kəsişdiyi yerdə yeni nişanlama xətləri çəkilib. "Sarı tor"un tətbiqi ilə həmin hissədə avtomobillərin dayanması qadağan edilib.

Bəs bu dəyişiklik nəqliyyat axınına və tıxacların azalmasına necə təsir göstərə bilər?
Məsələ ilə bağlı nəqliyyat eksperti Elməddin Muradlı TodayPress TV-yə açıqlamasında bildirib ki, bu cür nişanlamalar əsasən maarifləndirici və xəbərdarlıq xarakteri daşıyır:

"Bu sarı torların çəkilməsi sadəcə yol ayrıcını keçmə qaydalarını pozan sürücülərə bir xəbərdarlıqdır. Qanunda da bu barədə yazılıb. Bu, sadəcə bir təsir vasitəsidir. Yəni elə bir fantastik dəyişiklik yoxdur ki, bir xətt çəkilməklə hər şey düzəlsin. Bəzən görürsünüz, o xəttin üzərində də qayda pozanlar olur".
Ekspertin sözlərinə görə, bu addım daha çox yol hərəkəti təhlükəsizliyinin təbliği və sürücülərin davranış mədəniyyətinin formalaşdırılması məqsədi daşıyır:
"Bunu bir tərbiyələndirmə vasitəsi kimi qəbul eləmək lazımdır. İnsanlar sıxlıq olanda yol ayrıcına daxil olmasınlar, keçmə qaydalarını bilsinlər və əməl etsinlər. Bu vasitə yalnız buna hesablanıb".
Elməddin Muradlı əlavə edib ki, "sarı tor" kimi vizual xəbərdarlıqların faydalı olması üçün sürücülərin qaydalara əməl etməsi və nəzarətin gücləndirilməsi vacibdir.

Qeyd edək ki, yeniliyə əsasən, qarşıda tıxac olarsa, avtomobillər torlu hissəni boş saxlamalı və avtobusların, eləcə də sağdan gələn digər nəqliyyat vasitələrinin hərəkətinə maneə yaratmamalıdır.
Avtomobilin sarı torun üzərində saxlanmasına görə İnzibati Xətalar Məcəlləsinə əsasən cərimə tətbiq edilir.
Türkan İsgəndərli
tag: Elməddin Muradlı,Ekspert,Tıxac,Yenilik,Todaypress.tv,
