Bakı Qızlar Universitetinin bağlanma xəbəri böyük etirazlar doğurdu

Bakı Qızlar Universitetinin bağlanma xəbəri böyük etirazlar doğurdu
27.07.2026 13:11 Cəmiyyət

Bakı Qızlar Universitetinin (BQU) fəaliyyətini dayandırması xəbəri ictimaiyyətdə və sosial şəbəkələrdə geniş rezonans doğurub.

TodayPress TV xəbər verir ki, BDU Jurnalistika fakültəsinin dekan müavini Sevinc Əliyeva BQU-nun bağlanmasına münasibət bildirərək, bu ali məktəblə bağlı xatirələrini bölüşüb və qərarın fəsadlarına diqqət çəkib.


S.Əliyeva 29 yaşında gənc mütəxəssis ikən Bakı Qızlar Universitetində fəaliyyətə başladığını, rektor Ağarəhim Rəhimovun etimadı ilə Azərbaycan dilinin tədrisi metodikası kafedrasına rəhbərlik etdiyini bildirib. O, həmin illərdə universitetdə Afad Qurbanov, Bəşir Əhmədov, Qəzənfər Kazımov və Ənvər Abbasov kimi nəhəng alimlərin dərs dediyini xatırladıb:

“Bu gün Bakı Qızlar Universitetinin bağlanması xəbərini eşidəndə sanki gəncliyimdən bir səhifə qopdu. Hadisənin bütün təfərrüatlarını bilmirəm. Amma bir həqiqəti bilirəm: hər bağlanan təhsil ocağı təkcə divarların, auditoriyaların, sinif otaqlarının susması deyil”.

Dekan müavini xüsusilə vurğulayıb ki, Bakı Qızlar Universiteti xüsusilə bölgələrdən olan gənc qızların təhsil almasında mühüm rol oynayıb:

“Bu, bəzən bölgələrdə mühafizəkar düşüncənin hökm sürdüyü ailələrdən olan neçə-neçə qızın təhsil yolunun daralması deməkdir. Bu, arzuların bir az da uzaqlaşması, işığa gedən yolların bir az da azalması deməkdir. Universitetlər yalnız diplom verən müəssisələr deyil. Onlar talelər yazır, insan formalaşdırır, cəmiyyət qururlar”.

S.Əliyeva əlavə edib ki, bina olaraq fəaliyyəti dayansa da, universitetin yetişdirdiyi kadrların yaddaşında bu ocaq həmişə yaşayacaq:

“Bəzən bir universitet bağlanır, amma onun divarları arasında yetişən insanların yaddaşında o universitet heç vaxt bağlanmır. Çünki həqiqi elm binalarda deyil, insanın qəlbində yaşayır”.

Qeyd edək ki, Bakı Qızlar Universiteti uzun illər müəllimlik və müxtəlif ixtisaslar üzrə qadın kadrların hazırlanmasında ixtisaslaşmış özəl ali təhsil müəssisələrindən biri olub.

Qiymət Mahir

TodayPress TV

XƏBƏR LENTİ
27 IYUL 2026
Bütün Xəbərlər