“Ay camaat, bizi savadsız, pullu adamlar idarə edəcəklər...”
Cəmiyyət
03.02.2026 19:09
“Pul yaxşı qulluqçudur, lakin pis ağadır”.
(Frensis Bekon)
Günümüzdə sosial şəbəkələrin bizə təbliğ etdiyi əsas məsələlərdən biri də asan yollarla pul qazanmaqdır. Bu tendensiya hər il artan templə davam edir.
Haqlı olaraq artıq bizi bu sual ciddi şəkildə düşündürür: Təhsil, yoxsa qazanc?
Bu suala cavab yaşadığımız situasiyalara görə dəyişir.

Məsələn, mən əminəm ki, zəhmətinin qarşılığını ala bilməyənlər hər gün azı bir dəfə bu sualın cavabında “pulu” seçirlər. Daha yolun başında olanlar, “Tarixi-Nadir”i yarıya qədər oxuyub nəticə ala bilməyənlər, sözün əsl mənasında daşdan pul çıxaranlar da bu qəbildən...
Məlumdur ki, sosial şəbəkələrdə qazanc əldə edənlərin bir hissəsi məktəb, və ya universitet diplomu olmayan şəxslərdir.
Onlar kontent istehsalı, reklam, canlı yayımlar üzərindən gəlir qazanır. Əsas kapitalları da bilik deyil, auditoriyadır.
Bu şəxslər də günümüzdə əsasən gənclər və yeniyetmələrin “qibləgahı” olur.
Bəs təhsilsiz gələcək nə dərəcədə təhlükəsiz ola bilər?
TƏHLÜKƏ BURADAN BAŞLAYIR
Heç kim inkar edə bilməz ki, yaxın gələcəkdə təhsilli, savadlı insanları təhsilsiz, auditoriyası olan adamlar idarə edəcəklər.
Fikir verin, artıq işçi qəbul edən bir çox müəssisə işçinin bacarığından daha çox onun sosial şəbəkə hesablarını analiz edir. Onun kütləsinin böyüklüyünü əsas götürür. Demir sən nəyi bacarırsan, deyir sən neçə nəfərə “çata bilirsən?”.
Analoji iş artıq media tərəfindən layiqincə görülüb. Zamanla çalışdığımız redaksiyalarda bizə ekspert kimi təqdim olunan şəxslərin timsalında bunu çox aydın görə bilərik.
Təsəvvür edirsiniz, bir neçə ilə “Baboş” və bu qəbildən olan tiktokerlərin yüzlərlə işçisi olacaq. O işçilərdən biri də sən və ürək ağrısı ilə qeyd edirəm: Bu gün bunları yazıramsa, biri də mən ola bilərəm...

GÖRÜB-GÖTÜRƏN GƏNCLƏR
Xatırlayıram, ötən il abituriyentlərin qəbul imtahanları, ixtisas seçimi dönəmində sosial şəbəkələrdə zamanında təhsil alıb bir neçə diplomu olan fəhlənin görüntüləri yayılmışdı. O, görüntülərdə deyirdi ki, nə olsun oxuyub, nə olsun bu qədər əziyyət çəkib, axırda fəhlə olub da. Çağırış da edirdi ki, oxuyub əziyyət çəkməyə dəyməz. Diplom bir işə yaramır.
İnformasiya axınının qarşısına Çin səddi də çəksən, o axıb gedəcək...
Bu çağırış da yüzlərlə gəncə, yeniyetməyə çatdı.
Sosial şəbəkə fenomenlərinin də uğur (daha doğrusu pul qazanmaq) hekayələri eynilə bu çağırış kimi bu gün gənclərin qulağını qanadır.
BƏS TƏHLÜKƏ NƏ ZAMAN SOVUŞACAQ?
Ardı var...
Günəş Mərd
tag: Sosial şəbəkə,Gündəm,Təhsil,Pul,Bloger,Gənclər,Tiktoker,Todaypress.tv,
