Şəhərlər böyüyür, mənzil isə tapılmır – WUF13-də həyəcan təbili!
Xarici siyasət
17.05.2026 18:18
“Layiqli mənzil təminatı ləyaqət, sosial inklüzivlik, sabitlik və sülhün təməlidir. WUF13-ün "Dünyanı mənzillə təmin etmək: Təhlükəsiz və dözümlü şəhərlər və icmalar" başlığı altında keçirilən builki mövzusunda da əks olunduğu kimi, bu məsələ Yeni Şəhər Gündəliyinin insanların gündəlik həyatında tətbiq edilməsi üçün ən təxirəsalınmaz başlanğıc nöqtələrindən biridir”.
TodayPress TV xəbər verir ki, bunu Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil olunan Yeni Şəhər Gündəliyi üzrə Nazirlər Toplantısının bağlanış seqmentində Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev deyib.
Komitə sədri çıxışında forumun səhər sessiyasında müxtəlif ölkələrin nazirləri və nümayəndə heyətlərinin rəhbərləri tərəfindən səsləndirilən milli bəyanatların mühüm məqamlarına diqqət çəkib:
“Birinci onilliyin icra təcrübələri göstərir ki, bir çox ölkələr dayanıqlı urbanizasiya üçün milli siyasətin və hüquqi çərçivələrin gücləndirilməsində ciddi tərəqqi əldə ediblər. Dövlətlər tərəfindən milli inkişaf planları, məkan planlaşdırılması qanunları və Davamlı İnkişaf Məqsədlərinə uyğunlaşdırılmış strategiyalar uğurla tətbiq olunmaqdadır”.
Bir sıra nümayəndə heyətlərinin irimiqyaslı mənzil proqramları və əlçatan maliyyələşdirmə mexanizmləri qurduğunu bildirən Anar Quliyev şəhərlərin yenidən qurulmasında müasir alətlərin rolunu qeyd edib:
“Təcrübələr arasında irimiqyaslı mənzil layihələri, infrastruktur investisiyaları, qeyri-formal yaşayış məskənlərinin təkmilləşdirilməsi və iqlimə həssas planlaşdırma ön sıralardadır. Eyni zamanda rəqəmsal alətlərdən istifadə və yerli idarəetmə sistemlərinin gücləndirilməsi istiqamətində də mühüm addımlar atılıb”.
Qlobal miqyasda hələ də həllini gözləyən ciddi problemlərin mövcudluğunu vurğulayan komitə sədri bəyanatını bu xəbərdarlıq və çağırışla tamamlayıb:
“Milli bəyanatlar mövcud çağırışların miqyasını da aydın göstərir. Sürətli urbanizasiya prosesi hazırda planlaşdırma, infrastruktur və mənzil təminatını üstələməkdə davam edir. Xüsusilə mənzil əlçatanlığı və qıtlığı problemi azgəlirli ailələr, gənclər, ilk dəfə ev alanlar, miqrantlar və məcburi köçkünlər kimi həssas qruplara mənfi təsir göstərir ki, növbəti dövrdə bu məsələlər diqqət mərkəzində saxlanılmalıdır”.
Qiymət Mahir
tag: Urbanizasiya ,Tədbir,WUF13,Anar Quliyev,Todaypress.tv,
