Hikmət Hacıyev: Azərbaycana qarşı müəyyən kampaniyalara başlanılır
Xarici siyasət
19.05.2026 14:36
“Təəssüflər olsun ki, Azərbaycanda qlobal miqyasda tədbirlər keçirildiyi dövrdə bəzi dairələr və qüvvələr tərəfindən Azərbaycana qarşı müəyyən kampaniyalara başlanılır. Son dövrlərdə bunun bir qədər azaldığını müşahidə edirik”.
TodayPress TV xəbər verir ki, bunu Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev jurnalistlərə açıqlamasında deyib.
H. Hacıyev bu qərəzli qruplaşmaların fəaliyyətinin zəifləmə səbəblərinə toxunub:
“Nəyə görə? Çünki istər ölkəmizin içərisində olan, istər ölkəmizin xaricində olan və bir-biri ilə sinxron qaydada fəaliyyət göstərən bu qruplaşmaların maddi resursları bir qədər azalıb. Onlara artıq qrant verənlərin sayları da azalıb. Onların hansı mənbələrdən qrant aldıqlarını, inkar etməyə çalışsalar da, qrant adı altında hansı məqsədlərə xidmət etdiklərini çox gözəl bilirik”.
Prezidentin köməkçisi qeyd edib ki, müəyyən xarici qurumlar yardım adı altında qərəzli fəaliyyətlərlə məşğuldurlar:
“Bu xüsusda Amerikanın indiki administrasiyası tərəfindən USAID adlandırılan, mahiyyətində yardımı nəzərdə tutan, amma tamamilə başqa işlərlə məşğul olan, o cümlədən Azərbaycanda da bir sıra təşkilatları biz qeyd edə bilərik”.
Qiymət Mahir
tag: Hikmət Hacıyev ,WUF13,Tədbir,Açıqlama,Todaypress.tv,
