Dünyanı sarsıdan mənzil böhranı: “300 milyon insan küçələrdədir, bizdə isə bütün cavablar yoxdur”
Xarici siyasət
18.05.2026 13:36
“Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) praktiki fəaliyyət, tərəfdaşlıqlar və investisiyalar vasitəsilə qəbul edilmiş qərarların icrasını sürətləndirmək üçün mühüm bir imkandır. Artıq diqqəti problemlərin müzakirəsinə deyil, birbaşa həll yollarına yönəltməyin vaxtı çatıb”.
TodayPress TV xəbər verir ki, bunu Ümumdünya Şəhərsalma Forumunun sessiyasında BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax deyib.
İcraçı direktor dünyada müvafiq mənzil şəraitinin təmin edilməsi istiqamətində yaşanan ciddi problemlərə və bu sahədə buraxılan səhvlərə diqqət çəkib:
“Hamı üçün müvafiq mənzil şəraitinin təmin edilməsinin ən yaxşı yolları hansılardır? Biz harada səhvə yol vermişik və irəliyə doğru addımlamaq üçün nələri fərqli etməliyik? BMT-nin Məskunlaşma Proqramının qlobal mənzil böhranına qarşı sehrli bir həll yolu varmı? Qeyri-qənaətbəxş şəraitdə yaşayan təxminən üç milyard, gecəqondularda ömür sürən bir milyarddan çox və ya evsizlikdən əziyyət çəkən 300 milyon insan üçün bütün cavabların bizdə toplandığını iddia edərək qeyri-səmimi olmaq istəmirəm”.
Anaklaudia Rossbax böhranın aradan qaldırılmasında qlobal həmrəyliyin önəmini vurğulayaraq, birgə fəaliyyətin vacibliyini qeyd edib:
“İstisnasız olaraq hər biriniz bu böyük problemin cavabının və həllinin bir parçasına sahibsiniz. Bu kollektiv səyin, bir araya gəlməyimizin əsas məqsədi də məhz budur. Biz burada toplaşmağımızın zaman, maliyyə xərcləri və iqlimə olan təsirinin fərqindəyik və bunu asan qəbul etmirik. Bir-birimizin təcrübəsindən öyrənmək və biliklərimizi birləşdirmək həm bizim məsuliyyətimiz, həm də imtiyazımızdır. Lakin biz bu ilin iyul ayında Baş Assambleyanın yüksək səviyyəli iclasına aydın bir mesaj göndərməliyik. Mənzil böhranını sadəcə qəbul etmək mərhələsindən çıxmalı, konkret siyasətlər, investisiyalar və əməli fəaliyyətlər vasitəsilə Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) reallaşdırılmasını sürətləndirməliyik”.
Qiymət Mahir
tag: Anaklaudia Rossbax,WUF13,Mərasim,Çıxış,Todaypress.tv,
