Dünyada bir milyarddan çox insanın başına gələnlər Bakıda açıqlandı

Xarici siyasət

18.05.2026 13:25

“Gələcəyin bizə nə vəd etdiyini bilməyə bilərik, lakin insanların bu gün üzləşdiyi reallıqlardan xəbərdarıq. Bura iqlim böhranı, məcburi köçkünlük, münaqişələr və dağıntılar daxildir”.

TodayPress TV xəbər verir ki, bunu Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) rəsmi açılış mərasimində BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax deyib.

İcraçı direktor qlobal miqyasda yaşanan sosial-iqtisadi çətinliklərə və insanların təməl ehtiyaclardan məhrum olmasına diqqət çəkib:

“Bu qədər qlobal çağırışların fonunda dünyada bir milyarddan çox insan hələ də acınacaqlı şəraitdə yaşamağa davam edir. Onların təmiz su təchizatına, sanitariya xidmətlərinə, elektrik enerjisinə, layiqli iş yerlərinə və ya təhsilə əlçatanlığı yoxdur. Bu insanlar xəstəliklərin sürətlə yayıldığı, uşaqların isə ən çox əziyyət çəkdiyi qeyri-sağlam mühitin girovuna çevriliblər”.

Anaklaudia Rossbax şəhərlərdəki sürətli məskunlaşma prosesinin yaratdığı sosial problemləri və artan bərabərsizliyi xüsusi vurğulayıb:

“Bu gün elə bir dünyada yaşayırıq ki, insanların böyük əksəriyyəti tezliklə şəhərlərdə məskunlaşacaq. Lakin bu şəhərlər elə bir məkana çevrilir ki, orada gənclər, yaşlılar, miqrantlar və yeni gələnlər yaşayış xərclərini qarşılaya bilmirlər. Nəticədə daha çox insan küçələrdə qalmağa məcbur olur və qeyri-qanuni yaşayış məskənlərinə sığınır. Biz bu reallıqları dəyişdirmək üçün birgə fəaliyyət göstərməliyik”.

Qiymət Mahir

TodayPress TV

tag: Anaklaudia Rossbax,WUF13,Mərasim,Çıxış,Todaypress.tv,