Bəhreynli nazir: Qadınlarsız şəhər gələcəyi mümkün deyil

Xarici siyasət

17.05.2026 14:29

“Şəhərlərin gələcəyini planlaşdırma, icra və idarəetmədə qadınların əsas tərəfdaş kimi iştirakı olmadan qurmaq qeyri-mümkündür”.

TodayPress TV xəbər verir ki, bunu Bakıda keçirilən Dünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil olunan Qadınlar Assambleyasında ("Women’s Assembly") Bəhreyn Krallığının mənzil tikintisi və şəhərsalma naziri Amna bint Əhməd əl-Rumayhi deyib.

Nazir çıxışında qadınların ailə, qayğı və gündəlik həyatla bağlı baxış bucaqlarının daha inklüziv şəhərlərin salınmasında əsas element olduğunu vurğulayıb və bu istiqamətdə vacib bəndləri diqqətə çatdırıb:

“Qadınların təhlükəsiz və adekvat mənzillə təminatına zəmanət verən mənzil siyasəti gücləndirilməlidir. Eyni zamanda, təhlükəsiz mühit, inteqrasiya olunmuş xidmətlər, ailə sabitliyini və həyat keyfiyyətini dəstəkləyən şəhər məkanları təqdim etməklə, qadınların gündəlik ehtiyaclarını nəzərə alan mənzil icmaları inkişaf etdirilməlidir".

Şəhərsalma və inkişaf sektorlarında qadınların idarəetmədəki roluna toxunan nazir qeyd edib ki, qadınların liderlik və qərarların qəbul edilməsi prosesində iştirakı mütəmadi dəstəklənməlidir.

Bəhreynli nazir, həmçinin əlavə edib ki, qlobal hədəflərə çatmaq üçün beynəlxalq əlaqələrin rolu böyükdür:

“Daha ədalətli və davamlı şəhərlərin qurulmasında uğurlu təcrübə və bilik mübadiləsi üçün beynəlxalq tərəfdaşlıqlar genişləndirilməlidir".

Qiymət Mahir

TodayPress TV

tag: Bəhreyn,WUF13,Siyasət,Azərbaycan,Todaypress.tv,