Bazarın "hökmranları" necə cilovlanır? – Praqada beynəlxalq müzakirə

Xarici siyasət

08.05.2026 15:15

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin şöbə müdiri Şəmsi Rzalı Çexiyanın paytaxtı Praqa şəhərində keçirilən Beynəlxalq Rəqabət Şəbəkəsi (ICN) Hökmran mövqe üzrə işçi qrupunun 12-ci seminarında iştirak edib.

TodayPress TV xəbər verir ki, seminar zamanı müvafiq bazarın müəyyən edilməsi üzrə ən yaxşı təcrübələr, hökmran mövqedən sui-istifadə hallarının qiymətləndirilməsi və bu sahədə mövcud çağırışlar müzakirə olunub.

Eyni zamanda rəqabət siyasəti sahəsində ölkələrarası təcrübə mübadiləsinin genişləndirilməsi və qanunvericiliklərin təkmilləşdirilməsi məsələləri gündəmdə olub.

Plenar sessiyada çıxış edən Şəmsi Rzalı Azərbaycanda rəqabət qanunvericiliyinin əsasını təşkil edən Rəqabət Məcəlləsi, onun tətbiq mexanizmləri və hüquqi çərçivəsi barədə məlumat verib. O, həmçinin müvafiq bazarın müəyyən edilməsi meyarları, hökmran mövqenin qiymətləndirilməsi, təbii inhisarlara dövlət nəzarəti və Agentliyin bu sahədə səlahiyyətlərini diqqətə çatdırıb.

Çıxışdan sonra iştirakçıların sualları cavablandırılıb və mövzu ətrafında fikir mübadiləsi aparılıb.

Qiymət Mahir

TodayPress TV

tag: Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi,Şəmsi Rzalı,Çexiya,Beynəlxalq Rəqabət Şəbəkəsi (ICN) ,Todaypress.tv,