Xalqını öldürən rejimin sonu: SEPAH üçün SON ZƏNG çalınır?
Təhlil
31.01.2026 13:30
“Avropa İttifaqının (Aİ) İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) terror təşkilatı kimi tanıması SEPAH-ın maliyyə, hərbi və regional fəaliyyət imkanlarını kəskin şəkildə məhdudlaşdıra bilər”.
Politoloq Elçin Xalidbəyli bunu TodayPress TV-yə danışarkən bildirib.

Onun sözlərinə görə, İttifaqın qəbul etdiyi bu qərar İran üçün müəyyən problemlər yarada və faktiki olaraq yeni hərbi xarakterli sanksiya anlamı daşıya bilər.
Analitik vurğulayıb ki, qərar SEPAH-ın maliyyələşdirilməsi və silahlandırılması prosesində ciddi çətinliklər yaradacaq:
“Böyük ehtimalla, İran təşkilatın həm maliyyə təminatında, həm də silahlanmasında problemlərlə üzləşəcək. Qərardan sonra SEPAH-ın adı keçən istənilən ərazi və bu qurumla əlaqəli şəxslər risk zonasında qala bilər. Həmçinin təşkilatın ölkə xaricindəki fəaliyyət imkanları bloklanmış olacaq”.
E. Xalidbəyli qeyd edib ki, xüsusilə İran sərhədləri ətrafındakı SEPAH məntəqələri və bazaları üçün təhlükəsizlik riskləri arta bilər. Onun fikrincə, Yaxın Şərqdə qurumla bağlı fəaliyyət göstərən şəxslər və hərbçilər açıq hədəf vəziyyətinə düşə bilərlər.
“Bütün bunlar onu göstərir ki, Aİ ölkələri üçün SEPAH və onun nümayəndələri legitim hədəf statusu qazanmış olur və bu qərar bütövlükdə İran dövləti üçün ciddi problem yarada biləcək addımdır”, - deyə siyasi şərhçi fikrini yekunlaşdırıb.
Xatırladaq ki, Avropa İttifaqı (Aİ) İslam İnqilabı keşikçiləri Korpusunu (SEPAH) terror təşkilatı kimi tanıyıb. Bununla bağlı Aİ-nin Xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas “X” hesabında bildirib.
“Repressiyalar cavabsız qala bilməz. Aİ xarici işlər nazirləri İslam İnqilabı Keşikçiləri Korpusunu terror təşkilatı kimi tanımaqla bağlı qətiyyətli bir qərar verdi. Öz xalqının minlərlə nümayəndəsini öldürən istənilən rejim öz sonu üçün çalışır”, – deyə Kaya Kallas qeyd edib.
Aysel Mətləb
tag: Elçin Xalidbəyli,Politoloq,İran,SEPAH,Todaypress.tv,
