Vaşinqtonun BÖYÜK PLANI: Tramp İran neftinə müştəri axtarır

Təhlil

02.02.2026 16:30

ABŞ Prezidenti Donald Tramp Hindistanın İrandan neft idxalını dayandıraraq Venesueladan neft alacağını açıqlayıb. 

Ağ Ev lideri jurnalistlərə bildirib ki, bu istiqamətdə artıq konkret sövdələşmə mexanizmi və konsepsiyası hazırlanıb.

Maraqlıdır, Trampın Hindistanın İran neftindən imtina edib Venesuela neftinə yönələcəyi barədə açıqlaması Vaşinqtonun İrana qarşı sanksiya siyasətinin yeni mərhələsi sayıla bilərmi və bu addım Hindistan–İran münasibətlərinə necə təsir göstərəcək?

Məsələ ilə bağlı TodayPress TV-yə danışan politoloq Fəqani Məhərrəmli bildirib ki, dünya hazırda yeni bir qütübləşmə və bloklaşma mərhələsinə qədəm qoyub:


“Artıq köhnə dünya nizamının iflas etdiyi, yeni dünya nizamının isə bərqərar olacağı hər kəs tərəfindən dilə gətirilir. Hindistan yüksələn iqtisadi gücü və insan potensialı baxımından bu mərhələdə önə çıxan dövlətlərdəndir. Xüsusilə enerji idxalında və ikinci əl satışında böyük pay sahibi olan bir ölkədir. Rusiya, ABŞ və digər böyük enerji istehsalçıları Hindistanla əməkdaşlıq etməkdə maraqlıdırlar”.

Politoloqun sözlərinə görə, son dövrlərdə Hindistanın enerji siyasətində ciddi dəyişikliklər müşahidə olunur:

“Bir müddət əvvəl Hindistan ABŞ-nin sanksiya təhdidləri səbəbindən Rusiyadan idxal etdiyi neft və neft məhsullarının alışını önəmli ölçüdə azaltdı. Dünən isə Tramp Hindistanla aparılan danışıqların səmərəli nəticələndiyini və bundan sonra bu ölkənin neft məhsullarını İrandan deyil, Venesueladan alacağını bəyan etdi. Hətta eyni çağırışı Çinə də edərək onları “yaxşı şərtlərlə” Venesueladan neft tədarük etməyə dəvət etdi. Halbuki iki il əvvəl Çinlə İran arasında 400 milyard ABŞ dolları dəyərində neft müqaviləsi bağlanıb”.  

F.Məhərrəmlinin fikrincə, ABŞ bu mərhələdə İrana qarşı yalnız hərbi ritorika ilə kifayətlənmir, paralel şəkildə iqtisadi təzyiq mexanizmlərini də işə salır:


“Təhlillər göstərir ki, Amerika İrana qarşı hərbi təhdidlərlə yanaşı, güclü iqtisadi təzyiq metodunu da işə salıb və bundan maksimum faydalanmağa çalışır. Ehtimal etmək olar ki, Venesuelada uğurla həyata keçirilən əməliyyatın başqa bir bənzəri də İran üzərində sınanacaq. Əgər bu sınaq uğurlu olsa, bu dəfə Tramp İran neftinə müştəri axtarmağa başlayacaq”.

Qiymət Mahir

TodayPress TV

tag: Fəqani Məhərrəmli,Politoloq,Tramp,İran,Neft,Todaypress.tv,