Türkiyə bu prosesdə hədəfə çevirməməlidir! – RƏY

Təhlil

30.01.2026 13:53

“Türkiyənin İrana açıq və ya gizli dəstəyinin ABŞ-nin İran üzrə hərbi kampaniyası fonunda üzə çıxması Ankara üçün ciddi risklər yarada bilər”.

Ədalət, Hüquq, Demokratiya Partiyasının (ƏHD) ictimai-siyasi əlaqələr üzrə katibi, politoloq Azər Qasımov bunu TodayPress TV-yə açıqlamasında deyib. 


O bildirib ki, bu cür vəziyyət Türkiyənin ABŞ ilə münasibətlərində ciddi gərginliyə səbəb ola bilər: 

“Türkiyə bu prosesdə özünü birbaşa hədəfə çevirməməlidir. Çünki burada Çin və Rusiya amili var. Mümkün hücum baş verərsə, prosesin daha da genişlənməsi ehtimalı mövcuddur. Çin açıq şəkildə İrana dəstək verir, Rusiya isə imkanları daxilində bunu edir”.  

Azər Qasımovun sözlərinə görə, Türkiyənin bu mərhələdə mümkün qədər arxa planda qalması daha məqsədəuyğundur:

“Türkiyə bu prosesdə nə qədər arxa planda dayanarsa, bir o qədər doğru olar. Açıq demək lazımdır ki, ABŞ İran rejimini devirmək qərarına gələrsə, buna kimsə mane ola bilməyəcək. Prosesin uzanması ehtimalı azdır. ABŞ ordusu qısa müddətdə məsələni həll edəcək və İran rejimi devriləcək”.

Politoloq hesab edir ki, İran ətrafında baş verən mümkün proseslərdə Azərbaycanın rolu daha ön plana çıxacaq:

“Hesab edirəm ki, bu məsələdə sonrakı proseslərdə Azərbaycanın rolu Türkiyəninkindən daha böyük olacaq. Diplomatik təmasların məhz Azərbaycanla artması da bunu açıq şəkildə göstərir”.

Azər Qasımov sonda vurğulayıb ki, bu mərhələdə Türkiyənin mövqeyi Azərbaycanın maraqları baxımından xüsusi əhəmiyyət daşıyır:

“Düşünürəm ki, artıq bu mərhələdə Türkiyə Azərbaycanın arxasında dayanmalıdır. Çünki İran rejimi devriləcəyi təqdirdə, bu məsələ birbaşa Azərbaycanın məsələsinə çevriləcək”.  

Qeyd edək ki, İranın xarici işlər naziri Abbas Əraqçi yanvarın 30-da Türkiyəyə rəsmi səfər edib. Səfər çərçivəsində Əraqçinin türkiyəli həmkarı Hakan Fidanla ikitərəfli münasibətlər, həmçinin regional və beynəlxalq prosesləri müzakirə edəcəyi gözlənilir. Danışıqların əsas mövzularından birinin ABŞ-İran gərginliyi və bölgədəki son hərbi hərəkətlilik olacağı bildirilir.  

Proqrama uyğun olaraq, İranın baş diplomatı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən də qəbul ediləcək.

Qiymət Mahir

TodayPress TV

tag: Azər Qasımov,Politoloq,İran,Türkiyə,Todaypress.tv,