Tramp NATO-nu dağıdır? – “Rusiya üçün fürsət”

Təhlil

18.03.2026 18:55

ABŞ Prezidenti Donald Tramp NATO-dan çıxa biləcəyini və bunun üçün ona konqresin razılığının lazım olmadığını deyib.

Qeyd edək ki, Tramp bir neçə gün əvvəl NATO-dan Hörmüz boğazının açılmasında kömək istəmişdi.

Maraqlıdır, mövcud durumda ABŞ NATO-dan çıxa bilərmi?

Politoloq Natiq Miri sözügedən məsələni TodayPress TV-yə şərh edib.


O bildirib ki, bunun baş verməsi hazırda real görünmür:

“Trampın açıqlaması sərt ritorikadan başqa bir şey deyil və dolayısı ilə o, digər NATO ölkələrinə təzyiq edir, lakin bu təzyiqin nəticəsi olmayacaq. İrana hərbi müdaxilə İsraillə əvvəlcədən planlaşdırılmış bir əməliyyatdır; NATO və Avropa Birliyi ölkələri bu prosesdə iştirak etməyib və iştirak etmək istəmirlər, çünki Hörmüz boğazına hərbi gəmilərin göndərilməsi İranla birbaşa müharibəyə qoşulmaq deməkdir”.

Analitik hesab edir ki, NATO üzvləri ABŞ-nin bu müharibəsini öz müharibəsi saymamaqda haqlıdırlar:


“Bu, ABŞ rəhbərliyinin hədsiz davranışlarına ciddi bir cavabdır və göstərir ki, onun istədiyi hər şey olmayacaq. Hazırda ABŞ və İsrail Yaxın Şərqdə tək qalıblar və bu, Donald Tramp üçün dərsdir. Davam etsə, ABŞ müttəfiqlərini itirəcək və qlobal səviyyədə təklənəcək.

Rusiya ilə yaxınlaşma siyasətinə gəlincə isə ABŞ-Rusiya iqtisadi əməkdaşlığı Rusiyanı Çinin yanında saxlamaq və Çini təkləmək məqsədini güdür, amma bu, Rusiyanın manevr imkanlarını artıracaq və ikili oyun qabiliyyətini gücləndirəcək", - politoloq əlavə edib.

N.Miri sonda vurğulayıb ki, Rusiya Prezidentinin xarici ölkələrlə investisiya-iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Kirill Dmitriyev yeni kursla bağlı açıqlama da verib:


"O, Putinin investisiya nümayəndəsi və bütün məxfi danışıqları aparan şəxsdir. Dimitriyev ABŞ-NATO əlaqələrinin pozulmasını təşviq edir. Bu, Rusiyanın ABŞ və NATO arasındakı körpüləri yandırmaq siyasətinin göstəricisidir. Donald Tramp administrasiyasının siyasəti Rusiyanın bu istəklərinə uyğun görünür, lakin kökündən səhvdir. ABŞ-nin müttəfiqləri artıq açıq şəkildə ABŞ-nin geosiyasi iddialarını təkzib edirlər. Hörmüz boğazına gəmilərin göndərilməməsi bunun bariz nümunəsidir".

Jalə Rövşən


tag: NATO,ABŞ Prezidenti Donald Tramp ,Hörmüz ,Hörmüz,Todaypress.tv,