Tramp gecə İrana zərbələri niyə dayandırdı? - SƏBƏBLƏR
ABŞ-də bəzi media qurumları son saatlarda “İrana qarşı planlaşdırılan hücum ləğv edilib” və “İran rəhbərliyi razılaşmanı təsdiqləyib” məzmunlu məlumatlar tirajlayır.
Axios və CBS kimi nüfuzlu media orqanlarının bu xəbərləri sürətlə yayması diqqət çəkir. Lakin regionda gərginlik hələ də yüksək səviyyədə qalır və buna görə də belə məlumatların ortaya çıxması təsadüfi deyil.
Burada bir neçə mümkün ssenari nəzərdən keçirilə bilər:
Birinci ehtimal – sürpriz amilini qorumaq. Vaşinqton həqiqətən də hərbi variantdan imtina etməyib, sadəcə vaxt və taktikanı dəyişib. “Hücum ləğv edildi” mesajı qarşı tərəfdə müəyyən rahatlıq yaratmaq, diqqəti zəiflətmək və daha sonra gözlənilməz addım atmaq məqsədi daşıya bilər. Hərbi planlaşdırma baxımından bu, qeyri-adi yanaşma sayılmaz.
İkinci ehtimal – məsuliyyəti əvvəlcədən İranın üzərinə yönəltmək. Əgər yaxın günlərdə danışıqlar prosesi dalana dirənər və ya gərginlik daha da artsa, ABŞ tərəfi “biz geri çəkildik, lakin İran razılaşmaya əməl etmədi” arqumentini irəli sürə bilər. Bu isə beynəlxalq ictimai rəydə əlavə dəstək qazanmaq üçün istifadə olunan siyasi alətə çevrilə bilər.
Üçüncü və ən real görünən ssenari isə siyasi mesajdır. Tramp administrasiyası həm daxili auditoriyaya, həm də regional müttəfiqlərə “təzyiq nəticə verdi” görüntüsü təqdim etməyə çalışa bilər. “İran geri addım atdı və ABŞ-ın şərtlərini qəbul etdi” kimi bir narrativ Vaşinqton üçün siyasi dividendlər vəd edir.
Mövcud vəziyyət göstərir ki, “hücum ləğv edildi” xəbəri hərbi qərardan çox siyasi və informasiya manevri xarakteri daşıya bilər. Açıq suallar qalır: proses həqiqətən diplomatik razılaşmaya aparır, yoxsa, növbəti eskalasiya mərhələsinə hazırlıqdır? Hərbi risk tam aradan qalxmış sayılmır və yaxın 24-48 saat ərzində baş verəcək hadisələr daha aydın mənzərə yaradacaq.
Jalə Rövşən