Tayvanda hərbi xərclər 18% artırılır: Əsas diqqət dron və raketlərə yönələcək
"Tayvan 2027-ci il üçün rekord müdafiə büdcəsi hazırlayır - əsas diqqət dronlara, raketlərə və asimmetrik döyüş imkanlarına yönəldiləcək".
TodayPress TV xəbər verir ki, bunu siyasi analitik Elçin Alıoğlu öz sosial şəbəkə hesabında yazıb.
O bildirib ki, Tayvan hökuməti müdafiə xərclərini 18 faiz artıraraq 1,1 trilyon Tayvan dollarından, yəni 34,5 milyard dollardan yuxarı qaldırmağı təklif edib. Beləliklə, hərbi büdcə ilk dəfə ÜDM-in 3 faizini keçə bilər:
"Tayvan rəhbəri Lay Çinte bildirib ki, artım adanın özünümüdafiə imkanlarını gücləndirmək əzmini nümayiş etdirəcək. Onun sözlərinə görə, “müdafiəyə sərmayə - sülhə sərmayədir”. Ən böyük artım dronlar və digər asimmetrik sistemlər üçün nəzərdə tutulub. Bu istiqamətdə xərclərin 91 faiz artaraq 144,5 milyard Tayvan dollarına çatdırılması planlaşdırılır. Büdcədə əlavə dron və raket alışları, yerli pilotsuz sistemlərin inkişafı, sualtı qayıq proqramları, Sahil Mühafizəsi və veteranlarla bağlı xərclər də nəzərdə tutulur. Lakin planın qüvvəyə minməsi üçün parlamentin təsdiqi lazımdır. Qanunverici orqanda müxalifət çoxluğa malikdir və əvvəlki müdafiə paketlərində hökumətin istədiyi məbləğlərin hamısını təsdiqləməyib".
Analitik əlavə edib ki, müdafiə xərclərinin artırılması Çin ordusunun Tayvan ətrafındakı fəallığının gücləndiyi dövrə təsadüf edir. Pekinin hərbi gəmiləri və təyyarələri ada ətrafında mütəmadi əməliyyatlar keçirir:
"Vaşinqton da Tayvanı öz müdafiəsinə daha çox vəsait ayırmağa çağırır. ABŞ Prezidenti Donald Tramp administrasiyası ötən il Tayvana rekord həcmdə - 11,1 milyard dollarlıq silah satışını elan edib, daha 14 milyard dollarlıq paket isə təsdiq gözləyir".
Qiymət Mahir