Sərhəddə ciddi qaçqın axını gözlənilir? – RƏY
Təhlil
02.02.2026 18:29
Milli Məclisin bu gün keçirilən iclasında çıxış edən komitə sədri Fazil Mustafa bir sıra önəmli məsələlərə toxunub.
O, İran ətrafında baş verənlərdən danışarkən bildirib ki, dövlətimizin müəyyən strukturları İranda baş verə biləcək hansısa proseslərlə bağlı atacaqları addımlar haqqında konkret planlara malikdir. Amma biz bu proseslərə cəmiyyəti necə hazırlayırıq, bu, aydın deyil. Deputat əlavə edib ki, media, cəmiyyəti baş verə biləcək mümkün proqnozlara hazırlamalıdır.
Ədalət, Hüquq, Demokratiya Partiyasının (ƏHD) ictimai-siyasi əlaqələr üzrə katibi, politoloq Azər Qasımov deputatın çıxışını TodayPress TV-yə şərh edərkən bildirib ki, İrana qarşı gözlənilən hərbi müdaxilə fonunda region ölkələrinin, o cümlədən Azərbaycanın da müəyyən risklərlə üzləşməsi mümkündür:

“İrana gözlənilən hərbi müdaxilə fonunda ətraf ölkələrin də bundan təsirlənəcəyi ehtimallar sırasındadır. Azərbaycanın İranla bilavasitə sərhəd qonşusu olması hərbi qarşıdurma şəraitində həm qaçqın axını, həm də sərhəd boyu gərginliyin yaranması riskini artırır. Azərbaycanın bu kimi hallarla bağlı təcrübəsi geniş olmasa da, erməni işğalı dövründə təmas xəttində yaranmış vəziyyətlər və qaçqın düşmüş əhali ilə iş sahəsində müəyyən təcrübəyə malikdir”.

Politoloqun sözlərinə görə, mümkün hərbi qarşıdurma zamanı ortaya çıxa biləcək risk ssenariləri kifayət qədər müxtəlifdir və hər biri ayrıca yanaşma tələb edir:

“Qeyd edilən qarşıdurma müddətində Azərbaycan ərazisinə təsadüfən atılan raketlərin düşməsi, döyüşən tərəflərə məxsus pilotlu təyyarələrin və uçan insansız aparatların sərhədi keçməsi, eləcə də vurulan təyyarənin pilotunun Azərbaycan ərazisinə katapult etməsi kimi mümkün ssenarilər istisna edilmir. Bu versiyaların hər biri xüsusi yanaşma tələb edir. Münaqişə tərəflərinin bu vəziyyətdə göstərə biləcəyi reaksiyalar nəzərə alınmalı və buna uyğun addımlar əvvəlcədən hesablanmalıdır”.
Azər Qasımov hesab edir ki, bütün bu risklərə baxmayaraq, genişmiqyaslı qaçqın axını ehtimalı yüksək deyil:
“Hesab edirəm ki, bu risklərə baxmayaraq, sərhəddə ciddi qaçqın axını gözlənilmir. Müharibənin baş verməsi halında onun uzunmüddətli olacağı ehtimalı çox zəifdir. Zərbələrin əsasən konkret obyektlərə qarşı və dəqiq silahlarla endiriləcəyi faktı dinc əhalinin zərər görməsi ehtimalını azaldır. Bu səbəbdən də Azərbaycana kütləvi qaçqın axını gözlənilmir”.
Qiymət Mahir
tag: Milli Məclis,Fazil Mustafa,Azər Qasımov ,Politoloq,İran,Sərhəd,Todaypress.tv,
