Prezidentin yeni idarəetmə modeli: “Bu, islahatların dərinləşəcəyindən xəbər verir” - RƏY

Təhlil

06.01.2026 13:57

“Prezidentin Qarabağda və Şərqi Zəngəzurda tətbiq olunan idarəetmə modeli ilə bağlı səsləndirdiyi fikirlər yerli idarəetmə strukturunun təkmilləşdirilməsi istiqamətində islahatların davam etdiriləcəyini göstərən mühüm mesajdır”. 

Milli Məclisin deputatı Vüqar Bayramov bunu Azərbaycan Prezidenti İlham Əliyevin yanvarın 5-də yerli televiziya kanallarına müsahibəsində səsləndirdiyi “Qarabağda və Şərqi Zəngəzurda tətbiq olunan idarəetmə modeli bir gün ölkənin müxtəlif yerlərinə, bəlkə də bütövlükdə ölkəyə tətbiq oluna bilər.

Çünki bu da operativ, çevik və daha az məmurun iştirakını tələb edən üsuli-idarə metodudur” fikrini TodayPress TV-yə şərh edərkən bildirib. 


Parlamentarinin sözlərinə görə, paytaxtla regionlar arasında iqtisadi fərqin minimumlaşdırılması üçün yerli idarəetmə sistemində struktur dəyişiklikləri xüsusi əhəmiyyət daşıyır: 

“Regionlarda formalaşdırılan infrastrukturun real iqtisadi dəyərə çevrilməsi birbaşa institusional və struktur islahatlardan asılıdır. Yeni dövr yeni idarəetmə yanaşmalarını zəruri edir. Bu yanaşmalar bölgələrə daha çox sərmayə cəlb olunmasını stimullaşdırır və iqtisadi fəallığı artırır”.

Vüqar Bayramovun sözlərinə görə, hazırda Azərbaycanda 14 iqtisadi rayon mövcuddur. Bununla yanaşı, Bakı şəhəri və Naxçıvan Muxtar Respublikası daxil olmaqla ölkədə ümumilikdə 76 rayon fəaliyyət göstərir:  

“Rayonların sayı iqtisadi rayonların sayından təxminən 5,4 dəfə çoxdur. Bu isə mövcud idarəetmə modelinin optimallaşdırılmasını və daha səmərəli strukturun formalaşdırılmasını aktuallaşdırır”.

Deputat vurğulayıb ki, bütün bu proseslər cənab Prezidentin rəhbərliyi ilə həyata keçirilən struktur  və institutsional islahatların davamlı xarakter daşıdığını göstərir: 

“Bu islahatlar Azərbaycanın yeni dövrün çağırışlarına uyğun, daha çevik və effektiv idarəetmə modelinə keçidini təmin edir”.

Qiymət Mahir

TodayPress TV

tag: Vüqar Bayramov,Deputat,Prezident,İslahat,Todaypress.tv,