Naxçıvanın Muxtar Respublikası ilə bağlı yenilik nə vəd edir? – RƏY
Təhlil
04.02.2026 10:09
Naxçıvan Muxtar Respublikasının Konstitusiyasının Preambulası dəyişir.
Belə ki, Milli Məclisin ötən gün keçirilən iclasında ikinci səsvermədə müzakirəyə çıxarılan “Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklərin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya qanununun layihəsində Moskva və Qars müqavilələrinin adının Naxçıvan Konstitusiyasından çıxarılması səsverməyə qoyularaq qəbul edilib.
Politoloq Bakir Həsənbəyli qərarlarla bağlı TodayPressTV-yə danışarkən bildirib ki, Naxçıvanın Konstitusiyasında dəyişiklik üçün zərurət var idi:

“2022-ci ilin sonlarında Naxçıvan Ali Məclisinin rəhbərliyindəki istefadan sonra Muxtar Respublikaya yeni rəhbər təyin edilmişdi. Yeni rəhbər Prezidentin sərəncamı ilə səlahiyyətli nümayəndə statusunda idi. MR Konstitusiyasında belə bir vəzifə yoxdur. Azərbaycan Konstitusiyasına görə isə Prezidentin regionlara öz nümayəndələrini təyin etmək, struktur dəyişiklikləri aparmaq səlahiyyətləri var. Naxçıvana təyinatla Konstitusiya arasındakı struktur dəyişikliklərindəki fərqin aradan qaldırılması zərurəti var idi”.
Ekspert qeyd edib ki, Naxçıvanda aparılan struktur dəyişikliyi təkcə səlahiyyətli nümayəndə institutunun yaradılması ilə məhdudlaşmayıb:
“Bəzi paralel strukturlar toxunulmadan saxlanılmışdı. Nəticədə həmin strukturların fəaliyyət dairəsi müəyyənləşdirilməmiş qalırdı. Bu da istər-istəməz Naxçıvanda hakimiyyət orqanlarının effektli fəaliyyətinə mane olurdu. Bu tendensiya bəzən qərarvermə mexanizminin effektiv işləməsini əngəlləyirdi. Dövlət mexanizminin normal fəaliyyət göstərməsi üçün ziddiyyətli məqamlar ortadan qaldırılmalı, Naxçıvan Konstitusiyasında hər kəsin səlahiyyət bölgüsü və məsuliyyəti aydın şəkildə öz əksini tapmalı idi. Bu baxımdan Naxçıvan Konstitusiyasında dəyişiklik aparılması normal haldır”.
B.Həsənbəyli vurğulayıb ki, ötən gün Naxçıvan Muxtar Respublikasının Konstitusiyasının preambulasında dəyişikliklərlə bağlı da qərar qəbul edilib:
“Milli Məclisin ötən gün keçirilən plenar iclasında müzakirə olunan ‘Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklərin təsdiq edilməsi haqqında’ qanun layihəsində Naxçıvanın muxtariyyətinin əsaslarının qüvvədə olan 16 mart 1921-ci il tarixli Moskva və 13 oktyabr 1921-ci il tarixli Qars beynəlxalq müqavilələri ilə qoyulduğu qeyd edilir. Həmin beynəlxalq müqavilələrdə Naxçıvanın Azərbaycanın tərkib hissəsi olması bir daha bəyan edildi. Və o da qeyd edildi ki, Naxçıvan Muxtar Respublikasının bu Konstitusiyasının əsasını Azərbaycan Respublikasının 1995-ci il 12 noyabrda ümumxalq referendumunda qəbul edilən Konstitusiyası təşkil edir”.
Politoloqun sözlərinə görə, qanun layihəsində Naxçıvan Muxtar Respublikasının Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsi olması xüsusi olaraq vurğulanır:

“Buradan belə qənaətə gəlmək olar ki, Naxçıvanın muxtar statusunun ləğvi ilə bağlı məsələ bu gün üçün müzakirə predmeti deyil. Naxçıvan Muxtar Respublikasının ləğvinə əslində ehtiyac yoxdur. Muxtar Respublikanın parlamenti, icra strukturu var. Bölgədə 7 rayon, şəhərə rəhbərlik həyata keçirilir. MR qanunamüvafiq yaradılıb və onun ləğv prosesi də qanunamüvafiq edilməlidir”.
Ekspert əlavə edib ki, Naxçıvan muxtar respublika olaraq Azərbaycan Konstitusiyasında yer alır və onun statusunun dəyişdirilməsi yalnız referendum yolu ilə mümkündür.
Bakir Həsənbəyli qeyd edib ki, preambulanın əsas məqsədi muxtariyyətin hüquqi mahiyyətini və hansı əsaslara söykəndiyini izah etməkdir:
“Preambula ümumiyyətlə normativ-hüquqi qaydaları müəyyən etmir, daha çox sənədin ideoloji, tarixi və siyasi əsaslarını ifadə edir. Amma son bir neçə ildir ki, ölkədə Konstitusiya referendumu ilə bağlı səslənən iddialar və müzakirələr də var. Düşünürəm ki, müzakirələr gələcəkdə Naxçıvanın muxtar statusunun yenidən nəzərdən keçirilməsini də gündəmə gətirə bilər”.
Qiymət Mahir
tag: Bakir Həsənbəyli,Politoloq,NMR,Konstitusiya,Todaypress.tv,
