Moskva özünü aldadır: "ABŞ Rusiyanın yanında deyil…”

Təhlil

17.12.2025 15:58

Rusiya XİN rəhbəri Sergey Lavrov bildirib ki, ABŞ Ukraynanın NATO-ya üzvlüyünün mümkün olmadığını qəbul edib və guya “tarixi rus torpaqlarının” Rusiyaya qayıdılması ideyasına anlayışla yanaşıb. Lavrov iddiaların hansı ərazilərə və hüquqi əsaslara söykəndiyini açıqlamayıb, həmçinin Moskvanın tələbləri arasında Ukrayna Pravoslav Kilsəsinin hüquqlarının bərpası və rus dilinin statusu məsələlərini də sadalayıb.


Maraqlıdır, Lavrovun bu açıqlamaları nəyə hesablanıb? 

Məsələ ilə bağlı TodayPress TV-yə danışan siyasi analitik Taleh Əliyev bildirib ki, Rusiya ABŞ-ni Rusiyanın maraqlarına işləyirmiş kimi göstərməyə çalışır:


"Tramp və Putin arasında son danışıqların uğursuz alınmasının səbəbkarı kimi göstərilən Rusiya Xarici İşlər Nazirliyinin açıqlamalarının həqiqəti tam əks etdirdiyini deməzdim. Əksinə, görünür, Tramp ilə Putin arasında daha çox Rusiyanın ehtiyac duyduğu mövzularda razılıq əldə olunmamasının bədəli bu formada ödənilir və ABŞ bu açıqlamalar vasitəsilə sanki Rusiyanın istəklərinə və maraqlarına xidmət edirmiş kimi təqdim olunur.

Halbuki mən hesab edirəm ki, Amerika tərəfi çox yaxşı anlayır: Ukrayna ilə bağlı qərarlar birtərəfli və təkbaşına verilmir. Məhz buna görə də Vaşinqton bu gün özünü Rusiya ilə əməkdaşlıq görüntüsündə göstərməklə, əslində Rusiyanı kollektiv Qərbin yanaşması olan strateji çökdürmə siyasətinin davam etdiyi mövqedə saxlamağa çalışır".

Ekspert qeyd edib ki, ABŞ Trampın tənqidlərinə baxmayaraq Ukraynaya qarşı sərt addım atmayıb:

"Təəssüf ki, rusiyalı diplomatlar hələ də bunun fərqində deyilmiş kimi davranır və Trampın Rusiya ilə bağlı açıqlamalarını Moskvanın qələbəsi, Rusiyanın Ukrayna üzərindəki iddialarını və ambisiyalarını artıq reallaşdırması kimi təqdim edirlər. Halbuki reallıq nəyi göstərir? Son bir il ərzində Trampın Ukrayna tərəfini davamlı və kəskin şəkildə tənqid etməsinə baxmayaraq, ABŞ tərəfindən Ukraynaya qarşı hər hansı sərt qərarların və ya sanksiyaların tətbiq edildiyini görmürük.

Əksinə, guya maraqlarını müdafiə etdiyi və təriflədiyi kimi görünən Rusiyaya qarşı əvvəlki administrasiya dövründə qəbul olunmuş sanksiyalar növbəti il üçün uzadılır və Rusiyanın iqtisadi maraqlarına xidmət edən heç bir ciddi qərara imza atılmır".   

Analitik sonda vurğulayıb ki, ABŞ formal balans saxlayır:

"Bütün bunlar onu göstərir ki, bu gün iki yerə parçalanmış kimi görünən Qərb dünyasında bir tərəfdən ABŞ Rusiya ilə münasibətləri formal olaraq normal məcrada saxlayır, digər tərəfdən isə Avropa İttifaqı Ukraynanı daha aktiv şəkildə dəstəkləyərək, onun cari ehtiyaclarını qarşılamaqla Rusiya tərəfini strateji çökdürmə siyasəti ilə prosesin sonuna çatdırmaq niyyətindədir". 

Jalə Rövşən

TodayPress TV

tag: Taleh Əliyev,Siyasi şərhçi,ABŞ,Rusiya,Todaypress.tv,