Moskva Karib dənizində sonuncu qalasını itirdi: Ağ Evin Rusiya iqtisadiyyatına "ölümcül" zərbəsi
Təhlil
08.01.2026 17:02
Venesuela Kubaya enerji tədarükünü dayandırıb. Kubanın enerji təchizatını Rusiya və Meksika həyata keçirdir. Bu barədə xarici KİV-lər yazıb.
Venesuelada iplərin artıq Amerikanın əlində olduğunu bilirik. Bəs bu alternatif tədarük Meksika və Rusiya üçün hansı riskləri gətirə bilər?
Mövzu ilə bağlı TodayPress TV-yə danışan siyasi şərhçi Elşad Həsənov bildirib ki, ABŞ Venesuelada neft resurslarına nəzarəti ələ aldı:

"Yanvarın 3-də ABŞ-nin Venesuelada həyata keçirdiyi əməliyyat nəticəsində Venesuelanın prezidenti Nikolas Maduro və onun xanımı Flores həbs edilərək ABŞ-yə gətirildi və məhkəmə qarşısına çıxarıldılar. Növbəti məhkəmə martın 17-də keçiriləcək. Onlar ABŞ-də narkotik trafikinə rəhbərlik etməklə bağlı müəyyən maddələrlə cinayət məsuliyyətinə cəlb olunacaqlar.
Əsas məsələ isə Venesuelanın neftinin ABŞ üçün ələ keçirilməsidir. Venesuela əvvəllər Çinə, İrana, Kubaya və digər ölkələrə, o cümlədən Rusiyaya ciddi yaxın münasibətlər saxlayırdı. Sızan məlumatlara görə, Venesuelada İranın proksi qüvvələri təlimlər keçirmiş və həmin qüvvələr İsrailə qarşı mübarizədə istifadə olunmuşdur".
Ekspert qeyd edib ki, ABŞ Kubanın Venesueladan qazandığı gəlirləri bloklayıb:
"Kuba isə Venesueladan yanacaq və elektrik enerjisi alırdı və bu, Kubaya böyük gəlirlər gətirirdi. Buna görə də Tramp açıqladı ki, ABŞ Kubanın dolanışığını, yəni neftdən əldə olunan gəlirlərini məhdudlaşdırıb. Həmçinin məlumdur ki, Kubanın hərbçiləri Venesuelada təlimlər keçirmiş, Venesuela əsgərlərini hazırlamış və Maduronun mühafizəsində əsasən kubalılar iştirak etmişdir. Əməliyyat zamanı 35 kubalının öldüyü bildirilmişdir, güman olunur ki, onlar Maduronun mühafizəsinin üzvləri idi".
Analitik vurğulayıb ki, Venesuela nefti ABŞ-nin nəzarətindədir:

"Buna görə də Venesuelanın neft və enerji resursları hazırda Trampın nəzarətindədir və o, bu resurslarla bağlı göstərişlər verir. Maduronun müavini və vitse-prezidenti Rodriguez əvvəlcə sərt siyasət yürütmək istədi və Trampın fikirlərini qəbul etməkdən imtina etdi. Lakin ona izah olundu ki, ABŞ-nin göstərişlərinə əməl etməlidir ki, vəzifəsində qala bilsin. Nəticədə Tramp artıq bildirir ki, Venesuelanın çıxardığı neft ABŞ-yə satılacaq və ordan əldə olunan gəlir həm ABŞ-nin borclarını ödəyəcək, həm də Venesuela xalqının rifahına sərf olunacaq".
E.Həsənovun sözlərinə görə, bundan başqa, Meksikanın və Rusiyanın Venesueladan qidalanması dayandırılıb, Çinə gedən ucuz neft isə artıq kəsilib. Tramp bu neft vasitəsilə Rusiya iqtisadiyyatına ciddi zərbə vurmağı planlaşdırır. Neftin qiymətinin aşağı salınması Rusiyaya iqtisadi təzyiq göstərəcək. Həmçinin, Senatın hazırladığı Rusiyaya qarşı yeni sərt sanksiyalar Tramp tərəfindən dəstəklənir.
"Problemin mərkəzində təkcə Kuba deyil, həm də Çin və Rusiya məsələsi dayanır. Keçən il Tramp 8 ölkədə müharibələrin dayandırıldığını açıqlamışdı, lakin Rusiya-Ukrayna müharibəsini dayandıra bilmədi. Rusiya hər dəfə bəhanələr gətirərək müharibəni planları tamamlanana qədər davam etdirəcəyini bəyan edir".
Analitik sonda əlavə edib ki, Tramp Rusiyanı iqtisadi dalana sıxışdırır:
"Tramp isə onların iqtisadiyyatına, xüsusilə gəlir gətirən neft sektoruna ciddi təzyiq göstərmək üçün tədbirlər görür. Bazara ucuz neft çıxarılaraq Rusiya neftinin qiyməti aşağı salınacaq, nəticədə Rusiya iqtisadiyyatı zəifləyəcək və ölkə müharibəni dayandırmağa məcbur olacaq. Beləliklə, Venesuelada həyata keçirilən əməliyyatın Rusiyaya birbaşa ciddi təsiri olacaq və yaxın zamanda Rusiya Trampın şərtlərini qəbul edərək müharibəni dayandırmağa məcbur olacaq".
Jalə Rövşən
tag: Elşad Həsənov,Ekspert,Rusiya,ABŞ,Venesuela,Todaypress.tv,
