Lider qaçdı, gərginlik pik həddə çatdı: Yəməndə kim qalib gələcək?

Təhlil

08.01.2026 10:56

Yəmənin Cənub Keçid Şurasının lideri Aydarus əl-Zubeydinin naməlum istiqamətə qaçdığı bildirilir. Məlumata görə, o, onu Səudiyyə Ərəbistanına aparmalı olan təyyarəyə minməyib.  Qeyd olunur ki, 2025-ci ilin dekabrından Prezident Şurasının rəhbəri Rəşad əl-Əlimi ilə əl-Zubeydi arasında gərginlik davam edir.


Maraqlıdır, bu hadisə münaqişəyə necə təsir edəcək ? Ümumiyyətlə Yəmən Xalq Demokratik Respublikasının bərpası mümkündürmü?

Sözügedən məsələ ilə bağlı TodayPress TV-yə danışan politoloq Məhəmməd Əsədullazadə bildirib ki, Yəməndə BƏƏ və Səudiyyə qarşıdurması hələlik davam edir:


"Yəməndə baş verən toqquşmalar Birləşmiş Ərəb Əmirlikləri ilə Səudiyyə Ərəbistanı arasında davam edir. Görünür, mübarizə hələ də genişmiqyaslı hərbi mərhələyə keçməyib. Təbii ki, illər əvvəl Yəməndə dövət quruluşu pozulmuşdu və Birləşmiş Ərəb Əmirliklərinin dəstəyi ilə qüvvələr yenidən fəallaşırlar".

Onun sözlərinə görə, Husilər hakim olsa da, Yəməndə BƏƏ və Səudiyyənin təsiri uğrunda mübarizə davam edir:


"Yəməndə hakimiyyətdə husilər olsa da, separatizm hələ də mövcuddur və müxtəlif ölkələr, xüsusilə Birləşmiş Ərəb Əmirlikləri, burada təsir güclərini artırmağa çalışır, tamamilə yeni hökumət qurmaq niyyətindədirlər. Baş verən proseslər əsasən Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinin fəaliyyətindən asılıdır. Əgər Səudiyyə öz qüvvələrini toplasa və Birləşmiş Ərəb Əmirliklərinin dəstəklədiyi qüvvələrə qarşı əməliyyatlar aparsa, Səudiyyənin dəstəklədiyi qüvvələr daha güclü mövqe tutacaq və hakimiyyəti tam nəzarət altına ala biləcəklər".

Analitik sonda qeyd edib ki, bu proses bununla bitməyəcək, çünki “Ənsarullah” hərəkatı növbəti mərhələdə Səudiyyə ilə də qarşılaşa bilər. Yəməndə vəziyyət tamamilə qarşıdurmalıdır və hər iki dövlətin dəstəklədiyi qüvvələrin hakimiyyət uğrunda mübarizəsi davam edir. Hələlik isə qazanan tərəf təbii ki, hakimiyyətdə olan husilərdir.  

Qeyd edək ki, Cənub Keçid Şurası Hadramaut və Əl-Məhra əyalətlərinə nəzarəti ələ keçirib, təsir dairəsini altı əyalətə və Ədən şəhərinə qədər genişləndirib. Şura 1990-cı ildən əvvəl mövcud olmuş Yəmən Xalq Demokratik Respublikasının bərpasını tələb edir. 

Jalə Rövşən

TodayPress TV

tag: Məhəmməd Əsədullazadə,Politoloq,Yəmən,Gərginlik,Todaypress.tv,