Karakasda "Tramp Fırtınası": Rusiya sükutu pozacaq?

Təhlil

03.01.2026 15:48

Venesuelada ABŞ-nin hava zərbələri nəticəsində Karakas və ətraf bölgələrdə partlayışlar qeydə alınıb, bir çox məhəllədə elektrik kəsintiləri baş verib. Hökumət ABŞ-ni hərbi təcavüzdə ittiham edərək fövqəladə vəziyyət elan edib və vətəndaşları mobilizasiya üçün çağırıb. Həmçinin səfərbərlik elan edilib. ABŞ Prezidenti Donald Tramp isə Maduronun və həyat yoldaşının ələ keçirildiyini iddia edir, lakin bu məlumat rəsmi təsdiqlənməyib. Hadisələr regionda geosiyasi gərginliyi artırıb. 

Maraqlıdır,  bu gedişat necə davam edəcək?  Uzunmüddətli müharibə riski varmı ?


Məsələ ilə bağlı TodayPress TV-yə danışan politoloq Elçin Xalidbəyli bildirib ki,  Donald Tramp uzun müddətdir Venesuela hakimiyyətini hədəfə almışdı:

"Əslində, ABŞ Prezidenti Donald Tramp uzun müddətdir Venesuelanı, onun hakimiyyətini və prezidentini hədəfə almışdı. Venesuela olduqca zəngin neft ölkəsidir, lakin əhali neft ixracından əldə olunan gəlirlərin təsirini demək olar ki, hiss etmirdi. Bu səbəbdən ölkədə narazılıq mövcud idi".

Analitik qeyd edib ki, ABŞ Venesuelanı narkotrafik və enerji maraqları fonunda hədəfə almışdı:

"Digər tərəfdən, Venesuela beynəlxalq narkotrafikin əsas halqalarından biri kimi də tanınır. Bütün bunları nəzərə alan Tramp administrasiyası Venesuelanı hədəfə almış və Maduronun devrilmə ehtimalını bir neçə dəfə açıqlamışdı. ABŞ bunu Venesuelanın beynəlxalq narkotrafikdəki rolu ilə izah edirdi, lakin ölkənin neft və enerji resursları da prosesdə xüsusi rol oynayırdı. Ağ Ev rəsmiləri isə bu mövzuya hələlik açıq eyham vermirlər".

O vurğulayıb ki, Trampın açıqlaması Venesuelada hakimiyyət dəyişikliyinin başladığını göstərdi:

 "Əvvəl-axır bu hadisələrin baş verməsi şübhə doğurmurdu. ABŞ artıq Maduro və onun həyat yoldaşının ələ keçirilməsi ilə bağlı əməliyyat həyata keçirmişdi. Prezident Donald Tramp bunu öz sosial şəbəkə hesabında rəsmi şəkildə açıqlayıb. Bu isə o deməkdir ki, Venesuelanın prezidenti artıq mövcud deyil və ölkə hakimiyyət dəyişikliyinə məhkumdur".

Onun sözlərinə görə, beynəlxalq hüquq baxımından ABŞ-nin  Venesuelada hərbi əməliyyat aparması və prezidentini ələ keçirməsi qanun pozuntusudur. Lakin superdövlət olaraq ABŞ bu əməliyyata ciddi etirazlarla qarşılaşmayacaq.

Politoloq əlavə edib ki, bu addım beynəlxalq hüquq üçün təhlükəli presedent yaradır:

"Digər tərəfdən, Maduronun diktator olması, narkotrafik məsələlərində əsas şəxs olması, eləcə də ölkənin korrupsiya və rüşvət içərisində idarə olunması onu beynəlxalq müdafiə üçün çox zəif vəziyyətə qoyur. Bununla belə, belə bir əməliyyat beynəlxalq hüquq baxımından neqativ presedent yaradır, çünki bundan sonra ABŞ hər hansı ölkədə müdaxilə edə və oradakı rəhbəri ələ keçirə bilər".

E.Xalidbəyli sonda onu da əlavə edib ki, Rusiyanın reaksiyası hələlik açıq qalır:

"Eyni zamanda, Rusiyanın reaksiyası da diqqət çəkir. Tramp administrasiyası Venesuelaya qarşı hərəkət edərkən Rusiya Maduronu dəstəklədiyini açıq şəkildə bəyan etmişdi, hətta Prezident Putin onunla telefon danışığı aparmışdı. Beləliklə, Venesuela ABŞ və Rusiya arasındakı geosiyasi ziddiyyətlərin mərkəzində dayanır. ABŞ əməliyyatı artıq həyata keçirib və Rusiyanın reaksiyası yaxın vaxtlarda aydınlaşacaq".

Jalə Rövşən

TodayPress TV

tag: Elçin Xalidbəyli ,Venesuela ,ABŞ,Rusiya ,Todaypress.tv,