İran-İsrail qarşıdurmasında İQTİSADİ RİSKLƏR

Təhlil

13.06.2025 15:15

“Neft qiymətlərindəki artım psixoloji faktorlarla bağlıdır”.

İqtisadçı ekspert Akif Nəsirli bunu TodayPress TV-yə açıqlamasında deyib. 

O hesab edir ki, İsrailin İrana endirdiyi zərbələrdən sonra neft qiymətlərində baş verən 9-11%-lik artım iqtisadi reallıqlarla deyil, daha çox geosiyasi gərginlik və bazardakı psixoloji təlatümlərlə izah olunur. Bu artım, münaqişənin genişlənəcəyi və hətta qlobal miqyaslı müharibəyə çevrilə biləcəyi qorxusu ilə şərtlənir.  

“Hazırkı mərhələdə qiymət sıçrayışı konkret iqtisadi təmələ dayanmasa da, əgər qarşıdurma dərinləşərsə və xüsusilə də region ölkələrinin, o cümlədən İranın müttəfiqlərinin müharibəyə qoşulması baş verərsə, bu, neft infrastrukturunun zədələnməsinə və bazarda təklifin ciddi azalmasına gətirib çıxara bilər. Bu halda isə psixoloji təsirləri real iqtisadi nəticələr əvəz edəcək və neftin qiyməti 100-150 dollar intervalına qədər yüksələ bilər”.   

Ekspertin qənaətincə, bu ssenaridə ərəb ölkələrinin də mümkün iştirakı dünya neft ixracatına ciddi təsir göstərə, infrastruktura vurulan ziyan isə bazarda uzunmüddətli qıtlıq yarada bilər.

Bu da son nəticədə dünya iqtisadiyyatında dərin təsirlərə səbəb olacaq ciddi bir enerji böhranı riskini gündəmə gətirir. 

Qeyd edək ki, iyunun 13-də səhər saatlarında İsrailin İran ərazisində yerləşən bir neçə nüvə obyektinə endirdiyi zərbələrdən sonra neftin qiymətində kəskin - 9-11%-ə qədər artım baş verib.

Töhfə Səməd

tag: Akif Nəsirli,Ekspert,İran,İsrail,Todaypress.tv,

photo