Deputat: "Biz bunu öz gücümüzə etdik"
Təhlil
07.11.2025 16:27
"Böyük zəfərlə başa çatan 44 günlük İkinci Qarabağ müharibəsindən sonra bölgədəki reallıqlar kökündən dəyişdi. Və bunu biz öz gücümüzlə etdik"
Bunu TodayPress TV-yə Milli Məclisin deputatı Arzuxan Əlizadə deyib.

O, Azərbaycanın bölgədə əsas güc mərkəzinə çevrildiyini və onsuz heç bir layihənin həyata keçə bilməyəcəyini vurğulayıb:
"Bu gün Azərbaycan bölgənin əsas söz və güc sahibi kimi reallıqları dəyişməklə gələcək istiqamətləri müəyyənləşdirir. Artıq Azərbaycanın iştirak etmədiyi heç bir layihənin həyata keçməsi mümkün deyil. Yəni bu regionda Azərbaycansız hər hansı bir layihə reallaşa bilməz. Azərbaycan regional güc mərkəzinə çevrilib və bunu həm region dövlətləri, həm də qlobal güclər qəbul edirlər".
Deputat bildirib ki, Azərbaycan mühüm nəqliyyat dəhlizlərinin kəsişməsində yer aldığı üçün bu gün regional güc kimi beynəlxalq diqqətin mərkəzinə çevrilib:
"Məsələ bundadır ki, Azərbaycanın yerləşdiyi coğrafi məkan böyük potensiala malikdir və böyük güclərin diqqət mərkəzində olan bir regiondur. Bu ərazidən bir sıra mühüm kommunikasiya qovşaqları keçir. Ticarət və iqtisadi əlaqələri təmin edən Şimal–Cənub, Şərq–Qərb, Orta Dəhliz və açılması gözlənilən Zəngəzur dəhlizi bilavasitə Azərbaycanın ərazisindən keçməklə ölkəmizin iştirakı və dominantlığı ilə reallaşır. Bu baxımdan Azərbaycana olan maraq və diqqət əhəmiyyətli dərəcədə artıb. Əgər torpaqlarımız işğal altında olduğu dövrdə ölkəmiz güc mərkəzlərinin diqqətində deyildisə, bu gün həm böyük dövlətlər, həm də region ölkələri Azərbaycanın mövcud reallığı ilə hesablaşmaq məcburiyyətindədirlər. Bu da Azərbaycana olan diqqətin artmasına səbəb olub".

Onun sözlərinə görə, ölkə beş ildə azad edilmiş ərazilərdə geniş bərpa işləri apararaq sürətli dirçəlişə nail olub:
"44 günlük müharibədən sonra işğaldan azad olunan ərazilərdə geniş bərpa və quruculuq işlərinə başlanıldı. 30 il işğal altında qaldığı müddətdə ermənilər həmin ərazilərdəki şəhərləri, kəndləri, qəsəbələri tamamilə dağıtmışdılar. Bütün tarixi abidələr viran edilmiş, infrastruktur məhv olunmuşdu. Buna görə çox böyük işlər görülməlidir və bunun üçün həm böyük vəsait, həm də illər tələb olunur. Lakin biz qələbədən sonrakı beş il ərzində misli görünməmiş işlər həyata keçirərək diqqət mərkəzinə çevrilmişik"

A.Əlizadə, həmçinin vurğulayıb ki, beş ildə azad edilmiş bölgələrdə geniş quruculuq işləri aparılaraq “Böyük Qayıdış” sürətlə reallaşır:
"İşğaldan azad olunmuş ərazilərdə beş il ərzində üç beynəlxalq hava limanı (Füzuli, Zəngilan, Laçın) tikilib. İnfrastruktur layihələri icra olunub. Nəqliyyat qovşaqları, avtomobil və dəmir yolları çəkilir. Yeni inzibati binalar, təhsil müəssisələri, otellər, yaşayış binaları tikilir, mənzillər inşa olunur və “Böyük Qayıdış” proqramı həyata keçirilir".
Deputat azad olunmuş ərazilərin sürətli bərpasına milyardlarla vəsaitin ayrılmağa davam etdiyi məsələsinə toxunub:
"Bu qədər qısa müddətdə bu işləri görmək, təbii ki, böyük məsrəf, enerji və insan resursu tələb edir. Bütün bunlar əsasən Azərbaycan tərəfindən həyata keçirilir. Dost və qonşu ölkələr, xüsusilə Türkiyə və türk dövlətləri müəyyən dəstək göstərsə də, geniş miqyaslı işləri əsasən Azərbaycan özü görür. Hər il dövlət büdcəsindən Qarabağda və işğaldan azad olunmuş ərazilərdə bərpa və quruculuq işlərinə böyük vəsait ayrılır. Ötən il bu məbləğ təxminən 4,5 milyard manat olub. Bu il də eyni həcmdə vəsait həmin istiqamətə yönəldilib. Ondan əvvəlki dövrdə isə 19 milyard manatdan artıq vəsait xərclənmişdi. Proses davam edir".
"Bu olduqca təqdirəlayiq və qürurverici bir prosesdir"
A.Əlizadə son olaraq əlavə edib ki, “Böyük Qayıdış” insanların yurdlarına dönüşü və bölgənin dirçəlişini təmin edərək qürur hissi yaradır:
"Çünki bu fəaliyyətlərin əsas məqsədi dədə-baba torpaqlarından didərgin düşmüş, qaçqın və məcburi köçkün həyatı yaşamış soydaşlarımızın öz yurdlarına qayıtmasını təmin etməkdir. Bu istiqamətdə dövlətin səyləri təqdir olunmalıdır. Proses davam edir və “Böyük Qayıdış” konsepsiyası çərçivəsində həm bərpa-quruculuq işləri, həm də insanların öz torpaqlarına dönərək həmin bölgələrin yenidən canlanmasına töhfə verməsi xalqımızın və dövlətimizin gücündən xəbər verir. Bu da təbii olaraq hər birimizdə qürur hissi yaradır".

Jalə Rövşən
tag: Arzuxan Əlizadə,Böyük Qayıdış,Qələbə,Qarabağ,Todaypress.tv,
