İran gəmiləri Xəzərdə BUNA GÖRƏ vurulub? – ŞOK AÇIQLAMA

Təhlil

19.03.2026 16:24

İsrail ordusu ilk dəfə Xəzər dənizində İran gəmilərinə zərbələr endirib. Detallar açıqlanmasa da, bu əməliyyatın Tehranın Rusiya ilə əsas logistik marşrutunu ciddi şəkildə iflic etdiyi deyilir. 

 

Maraqlıdır, Xəzər istiqamətində İsrail–İran qarşıdurması ehtimalı region ölkələri üçün hansı kimi risklər yaradır? 

Sözügedən mövzunu politoloq Əli Mustafa TodayPress TV-yə şərh edib.

 

O bildirib ki, Xəzərdə həm Rusiyanın, həm də İranın hərbi dəniz qüvvələrinin zəifləməsi region ölkələri üçün riskdən daha çox müəyyən rahatlıq vəd edir. 

“Yəni bu dövlətlərin hərbi gücü nə qədər azalarsa, bu, Xəzəryanı ölkələrin — xüsusilə Azərbaycan, Qazaxıstan və Türkmənistanın maraqlarına uyğun ola bilər.

Bununla belə, yalnız İranın zəiflədilməsi müəyyən mənada Rusiyanın mövqeyini gücləndirə bilər. Lakin hər iki ölkənin Xəzərdəki hərbi iştirakının azalması ümumilikdə region üçün daha əlverişli hesab oluna bilər. Bu, Xəzərin hərbisizləşdirilməsi prosesinə töhfə verə və xüsusilə kiçik və orta dövlətlərin təhlükəsizliyini müəyyən dərəcədə gücləndirə bilər”, - analitik qeyd edib. 

Onun qənaətincə, digər tərəfdən, Xəzərdə hərbi gücə malik dövlətlərin mövcudluğu hər zaman potensial təhdid kimi qiymətləndirilir. Bu baxımdan, həmin gücün zəifləməsi təhlükələrin azalmasına gətirib çıxara bilər. Eyni zamanda, belə hücumların təkrarlanması ehtimalı da mövcuddur ki, bu da müəyyən risk faktorunu saxlayır.


Politoloq vurğulayıb ki, bu cür əməliyyatların davam edib-etməyəcəyi İranın Xəzərdəki hərbi imkanlarının nə dərəcədə qorunub saxlanmasından asılıdır:

"Əgər bu imkanlar tam aradan qaldırılmayıbsa, oxşar hadisələrin təkrarlanması istisna edilmir. Tam şəkildə belə bir nəticəyə nail olmaq çətin görünsə də, baş verənlər İranın hərbi dəniz qüvvələrinin zəifləməsinə gətirib çıxarır".

Ə.Mustafa sonda əlavə edib ki, bu proses,  eyni zamanda,  Rusiya ilə İran arasında Xəzər üzərindən həyata keçirilən kommunikasiyalara da təsir göstərir. Ehtimal olunur ki, bu marşrut vasitəsilə müəyyən hərbi yüklər daşınır və bu xəttin hədəfə alınması həmin daşımaların qarşısını almağa yönəlmiş ola bilər.

Jalə Rövşən

tag: Əli Mustafa,Politoloq,İran,Gəmi,Xəzər dənizi,Todaypress.tv,