Dünya ŞOKDA! Tramp “at oynadır”
Təhlil
12.01.2026 17:43
ABŞ Prezidenti Donald Tramp özünü Venesuela prezidenti “elan edib”. O, bunu "Trust Social" hesabındakı paylaşımında bildirib. Bu, beynəlxalq münasibətlərdə görünməmiş bir haldır. Rəsmi olaraq Venesuelanın müvəqqəti prezidenti hazırda Delsi Rodrigesdir.
Maraqlıdır, Trampın beynəlxalq hüququ heçə sayaraq özünü bu posta "təyin etməsi" həqiqətən mümkündürmü?
Sözügedən məsələ ilə bağlı TodayPress TV-yə danışan politoloq Əli Mustafa bildirib ki, açıqlama ABŞ-nin Venesuela üzərində faktiki təsirini əks etdirən ritorikadır:

"Trampın açıqlaması, təbii ki, beynəlxalq hüquqa ziddir. Maduro Amerika tərəfindən aparıldıqdan sonra onun yerinə vitse-prezident rəsmi olaraq and içib və prezident səlahiyyətlərini icra edir. Yəni Venesuela Konstitusiyasına və qanunvericiliyinə əsasən Delsi Rodriges bu gün Venesuelanın prezidenti hesab olunur.
Amma faktiki vəziyyət fərqlidir. Bu gün Maduro Amerikanın əlindədir. Eyni zamanda aydın görünür ki, ümumilikdə Venesuelanın taleyi artıq Amerikanın nəzarəti altındadır. ABŞ bir formada oraya nəzarət edir və böyük ehtimalla indiki rəhbərliklə də müəyyən razılaşmalar əldə olunub. Ona görə də bu açıqlamanı daha çox ritorik bir ifadə kimi qəbul etmək lazımdır".
Analitik qeyd edib ki, Tramp de-fakto Prezident kimi davranır:
"Normalda, yəni nə beynəlxalq hüquqa, nə də Venesuelanın daxili qanunvericiliyinə görə Tramp prezidentdir. O, sadəcə özünü belə təqdim edir. Amma de-fakto baxımdan onun prezident kimi davrandığını demək olar. Faktiki olaraq bu gün o, Venesuela ilə bağlı qərarlar verir, hökm xarakterli mövqelər ortaya qoyur və ya rəsmi prezidentə tapşırıqlar verir".
Jalə Rövşən
tag: Əli Mustafa,Politoloq,Tramp,Venesuela,Todaypress.tv,
