Caninin hakimiyyət xəyalı: Köçəryanın şansı nə qədərdir?
Təhlil
17.03.2026 14:34
Ermənistanın keçmiş prezidenti Robert Köçəryan lideri olduğu "Hayastan" blokunun baş nazirliyə namizədi olub.
Ermənistan-Azərbaycan münasibətlərinin yaxşılaşdığı bir vaxtda belə yüksək bir posta separatçı rejim tərəfdarının namizədliyi ciddi maraq doğurur.

Xatırladaq ki, Köçəryan, yalnız qondarma separatçı-terrorçu rejimi idarə etməklə kifayətlənməyib, həm də Azərbaycan əhalisinə qarşı çoxsaylı cinayətlər törədib.
Xocalı soyqırımı, Qarabağda və ətraf bölgələrdə azərbaycanlıların etnik təmizlənməsi, mədəni-tarixi irsin məhv edilməsi məhz onun rəhbərliyi dövründə baş verib.
Maraqlıdır, separatçının bu posta gəlmək üçün nə qədər şansı var?
Sözügedən məsələni politoloq Məhəmməd Əsədullazadə TodayPress TV-yə şərh edib.

O, bildirib ki, Robert Köçəryanın qalib gəlmək şansı yoxdur:
“Köçəryan, həm müharibə partiyasının, həm revanşist qrupun, həm də Rusiyanın namizədidir, həmçinin “Qarabağ hərəkatı”nın davamında maraqlıdır. Bundan əlavə, Robert Köçəryanın imici demək olar ki, mənfidir. Robert Köçəryan müharibə tərəfdarı və revanşist, Nikol Paşinyan isə sülh tərəfdarıdır. Köçəryan açıqlamalarında qeyd edir ki, Ermənistan təhlükəsizlik təminatlarına yenidən baxmalı və rusiyalı müttəfiqləri ilə münasibətləri inkişaf etdirməlidir. Hesab edirəm ki, xalq yenidən Nikol Paşinyana səs verəcək. Hətta Köçəryanın seçkiyə qatılması bir növ Nikol Paşinyanın əlini gücləndirir”.
Analitik hesab edir ki, Rusiya Samvel Karapetyanı namizəd etməyə çalışır, amma onun yaratdığı “Güclü Ermənistan” partiyasının liderinin tanınmaması səbəbindən Robert Köçəryan üzərində fokuslanır.

"Düşünürəm ki, Robert Köçəryan nə qədər mesajlar, vədlər versə, ildə 40 min iş yeri açacağını vurğulasa da, ona səs verməyəcəklər, xüsusilə müharibə vəziyyəti fonunda. Həmçinin, Ermənistanda Seçki Məcəlləsinə dəyişikliklər edilib; bloklar 10%-dən çox səs toplamalıdır və bu, Robert Köçəryan üçün çətin olacaq", - ekspert fikrini sonlandırıb.
Qeyd edək ki, Ermənistanda növbəti parlament seçkiləri 2026-cı il iyunun 7-də keçiriləcək.
Jalə Rövşən
tag: Məhəmməd Əsədullazadə,Politoloq,Robert Köçəryan,Ermənistan,Seçki,Namizəd,Todaypress.tv,
