Berlin görüşü: Mertsin tərk etdiyi masada nə baş verdi?
Təhlil
15.12.2025 15:17
Dekabrın 14-də Berlində Ukrayna Prezidenti Volodimir Zelenski və ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff arasında 20 maddəlik sülh planı üzrə danışıqlar aparılıb. Görüşdə Trampın kürəkəni Cared Kuşner də iştirak edib. Almaniya kansleri Fridrix Merts də danışıqlarda iştirak etsə də, görüşü erkən tərk edib, səbəb açıqlanmayıb. Daha sonra Stiv Uitkoff beş saatdan çox davam edən danışıqlarda irəliləyiş əldə olunduğunu açıqlayıb.
.jpg)
Maraqlıdır, görüşün Ukrayna sülh prosesinə real təsiri varmı? Mertsin görüşü yarımçıq tərk etməsi nədən xəbər verir?

Sözügedən məsələ ilə bağlı TodayPress TV-yə danışan politoloq Züriyə Qarayeva bildirib ki, Berlin görüşü ABŞ-nin 20 maddəlik planla mərhələli kompromis xəttini rəsmiləşdirdi:
"Berlində keçirilən Zelenski–Uitkoff görüşü ilk növbədə ABŞ-nin yeni administrasiyasının Ukrayna müharibəsinə yanaşmasının formalaşdığı mərhələdə baş tutması baxımından diqqət çəkir. Stiv Uitkoffun “irəliləyiş əldə olunduğu” barədə açıqlaması hələ konkret nəticələrin ortaya çıxmadığını göstərsə də, Vaşinqtonun 20 maddəlik sülh planını aktiv şəkildə irəli aparmaq niyyətində olduğunu ortaya qoyur. Bu danışıqlar Ukraynanın mövqeyini köklü şəkildə dəyişməsə də, prosesin artıq mövcud siyasi reallıqlar fonunda mərhələli kompromis modelinə doğru yönəldiyini göstərir. Başqa sözlə, görüş sülh prosesinə dərhal həlledici təsir göstərməsə də, ABŞ–Ukrayna xəttində əsas konturların cızıldığı və diplomatik çərçivələrin formalaşdırıldığı tranzit mərhələ kimi qiymətləndirilə bilər".
![]()
Analitik vurğulayıb ki, Mertsin gedişi ABŞ və Avropa arasında gizli fikir ayrılıqlarını ortaya qoyur:
"Almaniya kansleri Fridrix Mertsin görüşü yarımçıq tərk etməsi isə danışıqların arxa planında ABŞ ilə Avropa arasında müəyyən fikir ayrılıqlarının mövcud ola biləcəyinə işarə edir. Avropa üçün prioritet Ukraynanın təhlükəsizliyinin və uzunmüddətli sabitliyin təmin olunmasıdır, ABŞ üçün isə Tramp administrasiyasının yanaşmasına uyğun olaraq müharibənin maliyyə yükünün azaldılması və daha sürətli siyasi razılaşmanın əldə edilməsi ön plandadır. Bu fərqli yanaşmalar 20 maddəlik planın məzmunu, kompromislərin miqyası və xüsusilə Ukraynanın gələcək təhlükəsizlik təminatları ilə bağlı ABŞ–Avropa xəttində gizli gərginliklərin mövcud ola biləcəyini göstərir".
Jalə Rövşən
tag: Fridrix Merts ,Berlin,Stiv Uitkoff , Volodimir Zelenski ,Todaypress.tv,
