BƏƏ Tehranın təzminat tələbinə necə cavab verəcək? - RƏY
Təhlil
19.03.2026 22:10
Tehran ABŞ-nin İran ərazisinə hücumlarına imkan yaratdığına görə Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) təzminat tələb edir.
Bu barədə İranın BMT-dəki səfiri Amir Saeid İravaninin Baş katib Quterreşə göndərdiyi məktubda deyilir.

Diplomat qeyd edib ki, BƏƏ-nin ərazisinin hücumlar üçün istifadəsinə icazə verməsi “dövlət məsuliyyəti yaradan beynəlxalq qanunsuz hərəkət”dir.
Politoloq Məhəmməd Əsədullazadə bu barədə TodayPress TV-yə danışarkən bildirib ki, BƏƏ ərazisində Vaşinqtonun hərbi bazaları yerləşir və ABŞ-nin, eləcə də İsrailin hərbi kəşfiyyat fəaliyyəti əsasən bu ərazilərdən həyata keçirilir.

Onun sözlərinə görə, İrana qarşı həyata keçirilən hərbi əməliyyatların bir hissəsi məhz BƏƏ ərazisindən idarə olunub.
Analitik vurğulayıb ki, İran beynəlxalq hüquqa əsaslanaraq təzminat tələb etmək səlahiyyətinə malikdir:
"Çünki bu əməliyyatlarda təkcə BƏƏ deyil, eyni zamanda Küveyt, Qətər, Bəhreyn və Səudiyyə Ərəbistanı kimi Körfəz ölkələrinin də rolu olub. Münaqişə artıq geniş miqyas alaraq bir neçə ölkənin birbaşa, yaxud dolayı şəkildə iştirak etdiyi mərhələyə keçib və proses getdikcə daha da dərinləşir".

Siyasi şərhçi qeyd edib ki, İran da qarşılıqlı olaraq bu ölkələrin ərazisində yerləşən ABŞ-yə məxsus hərbi və iqtisadi obyektlərə zərbələr endirir.
O vurğulayıb ki, indiyə qədər İran ərazisinin daha çox BƏƏ üzərindən izlənildiyi və əməliyyatların buradan koordinasiya olunduğu müşahidə edilir.

Ekspert əlavə edib ki, hazırda müharibə davam etdiyi üçün vəziyyət qeyri-müəyyəndir və müharibədən sonra İranda mövcud rejimin qalacağı və ya dəyişəcəyi sual altındadır. Onun fikrincə, gələcəkdə formalaşacaq hakimiyyətin təzminat məsələsinə necə yanaşacağı da indidən dəqiq proqnozlaşdırıla bilməz.
"İranın BƏƏ ərazisindəki infrastruktur obyektlərinə zərbələr endirməsi onun özünü müdafiə kimi əsaslandırılsa da, BƏƏ də öz ərazisinin üçüncü ölkələr tərəfindən hərbi məqsədlərlə istifadəsinə imkan verməməlidir", - deyə M. Əsədullazadə fikrini yekunlaşdırıb.
Aysel Mətləb
tag: İran,BƏƏ,Təzminat,ABŞ,Baza,Məhəmməd Əsədullazadə,TodayPress TV,
