Ayağına çağırdı... - Tramp Putinə də “qırmızı xalça” sərəcək, yoxsa...?
Tramp administrasiyası Rusiya lideri Vladimir Putini dekabrda Mayamidə keçiriləcək G20 sammitinə dəvət edib. Kremlin sözçüsü Dmitri Peskov dəvətin Moskva tərəfindən “minnətdarlıqla” qarşılandığını bildirib.
Nəzərə alsaq ki, Tramp yenicə Çin liderini qəbul edib, Putin dəvəti qəbul etsə, hansı məsələlər əsas müzakirə mövzusu olacaq? Xüsusilə Ukrayna məsələsində bu, hansı nəticəni verə bilər?

Sözügedən məsələ ilə bağlı siyasi analitik Abutalıb Səmədov TodayPress TV-yə danışıb. Onun sözlərinə görə, Putinin Mayamidə keçiriləcək sammitə dəvət olunması Kreml üçün sevindirici haldır:
“Onlar bu addımı Rusiyaya və onun rəhbərinə göstərilən hörmət kimi qələmə verməyə çalışıblar. Ancaq Putin bu sammitdə iştirak edəcəkmi? Yaxın tarixdə Rusiya üçün çox pis bir nümunə var. 2014-cü ildə Krımın işğalından və Malayziya sərnişin təyyarəsinin vurulmasından sonra Avstraliyada keçirilən sammitə Rusiya prezidenti qatılmışdı. Digər qonaqlardan fərqli olaraq, onu aşağı səviyyəli bir çinovnik qarşılamışdı. Özü də stolun kənarında əyləşdirilmişdi, heç kim onunla görüşmək istəmirdi.
Və iş o yerə çatdı ki, Putin yekun sənədin qəbul olunmasını gözləmədən Avstraliyanı vaxtından əvvəl tərk etdi. Bunu yolun uzunluğu ilə əsaslandırdı və dincəlmək istədiyini bildirdi. İndi də yol uzundur”.
Analitik hesab edir ki, indiki vəziyyət həmin dövrlə müqayisədə dəfələrlə pisdir:
“Rusiya Ukraynanın böyük ərazisini işğal edib. Bu işğal nəticəsində milyonlarla insan ölüb, didərgin düşüb, şəhərlər dağılıb.
Bircə fərq var: sammitin ev sahibi Amerika Birləşmiş Ştatları və onun prezidenti Trampdır. Həmin o Tramp ki, Putini bundan əvvəl Alyaskada qırmızı xalça ilə şəxsən qarşılamışdı. Yəqin ki, əgər gəlsə, bu dəfə də eyni qəbul və qarşılanma təkrarlanacaq.
Ancaq digər dövlətlərin soyuq münasibəti, yəqin ki, bir qədər də pisləşəcək”.
Putin sammitdə iştirak etmək qərarına gələrsə, əsas müzakirə mövzularının Ukrayna və İran olacağını düşünən analitik deyib:
“Təbii ki, əsas mövzular Ukrayna və İran olacaq. Tramp çalışacaq ki, onu Ukrayna məsələsində müəyyən qədər güzəştlərə məcbur etsin. Güzəşt mümkündürmü? Mən yalnız güman edirəm ki, Putinin işğal etdiyi ərazilərlə bağlı müəyyən güzəştlərə getməsi mümkündür, Donbas istisna olmaqla. Putinin Donbas məsələsində geri çəkilməsi qeyri-mümkün görünür. Ola bilər ki, digər ərazilərlə bağlı müəyyən güzəştlərə getsin.
Bundan artıq Putinin güzəştə gedəcəyini güman etmirəm. Əgər sammitdə iştirak etsə, tamamilə mümkündür ki, Amerika Birləşmiş Ştatları, Çin və Rusiya liderlərinin birgə görüşü də keçirilsin. Zelenski də çox güman ki, qonaq kimi dəvət oluna bilər və orada müəyyən görüş cəhdləri ola bilər”.
Müsahibimiz bildirib ki, əgər Putin cəsarət edib Mayami sammitinə qatılsa, ciddi görüşlər və ciddi qərarlar ola bilər.
O həmçinin əlavə edib ki, Putin sammitdə iştirak etsə, təzyiqlər təkcə ona yox, bəlkə də daha çox Ukrayna prezidentinə olacaq:
“Nəzərə alsaq ki, Çin lideri, Amerika Birləşmiş Ştatlarının prezidenti və digər Avropa liderləri də orada iştirak edəcəklər, hətta sülhə xeyli yaxınlaşmaq, bəlkə də razılaşma imzalamaq mümkün ola bilər. Putinin bu sammitdən imtina etməsinin bir səbəbi də bu ola bilər. Əvvəlcədən üzləşəcəyi təzyiqləri bildiyinə görə getməyə bilər”.
Jalə Rövşən