Boşanmaların qarşısını almaq üçün yeni təklif: "2-3 aylıq..."

Sosial

18.11.2025 19:37

"Son illər boşanma dinamikasının sürətlənməsi müxtəlif sosial, psixoloji və mədəni amillərlə bağlıdır".

Bunu TodayPress TV-yə açıqlamasında sosioloq Hüseyn İbrahimov deyib.


Onun sözlərinə görə, boşanmaların çoxalması yalnız sosial problemlərlə bağlı deyil, həmçinin psixoloji çətinliklər, gender münasibətlərindəki dəyişikliklər, həyat tərzinin transformasiyası və müasir dövrün yaratdığı yeni ailə modelinin təsiri də mühüm rol oynayır:

"Bütün dünyada boşanma dinamikası var, xüsusən də postsovet ölkələrində. Bugünkü boşanmaların əsas səbəblərindən biri cütlüklərin bir-birlərini tam tanımadan ailə qurmasıdır. Ailə quran şəxslər bir-birlərinin xarakterini, dünyagörüşünü, münasibətlərini tam mənimsəmədən ailə qururlar. Bir insanı tanımaq bir şeydir, onun xarakterini yaşayaraq qəbul etmək isə tamam başqa məsələdir. Bu uyğunsuzluqlar sonradan problemlərə səbəb olur".

Sosioloq bildirib ki, tərəflər bəzən bir-birlərinin hansı xüsusiyyətləri qəbul edib-etməyəcəklərini əvvəlcədən görə bilmirlər:

"Qadın tərəfi kişidə olan bəzi xüsusiyyətləri, kişi isə qadında olan bəzi xüsusiyyətləri tam görə bilmir. Sevgi çox vaxt öyrəşməkdən ibarətdir. Xarakterə, dünyagörüşünə, dəyərlərə, həyat tərzinə uyğunlaşmaq prosesidir. Bu bir günün işi deyil".

Ekspert ailə qurma prosesində yeni yanaşmanın tətbiq edilməsinin faydalı ola biləcəyini də vurğulayıb:

"Necə ki, boşanma zamanı bir ay düşünmək üçün vaxt verilir, eləcə də nikah bağlanması zamanı cütlüklərə müəyyən rəsmi "öyrəşmə müddəti"nin verilməsi yaxşı olardı. Bu bir ay yox, üç ay da ola bilər. Ola bilər ki, cütlük bir il bir-birini tanıyıb, amma rəsmi olaraq 2-3 aylıq öyrəşmə müddəti ailənin sağlam qurulmasına müsbət təsir göstərər".

Hüseyn İbrahimov qeyd edib ki, ailə münasibətlərində modernləşmə prosesi gedir və bu da yeni yanaşmaların tələb olunduğunu göstərir.

O əlavə edib ki, belə preventiv addımlar gələcəkdə boşanma hallarının qarşısının alınmasına kömək edə bilər.

Türkan İsgəndərli

TodayPress TV

tag: Boşanma,Evlilik,Təklif,Ailə,Todaypress.tv,