Azərbaycanda ən klassik yalan - “11 iqlimin 9-u” mübahisəsi: Reallıq necədir?
Sosial
04.05.2026 16:28
Azərbaycanda iqlimlə bağlı tez-tez səsləndirilən fikirlərdən biri də ölkədə 11 iqlim tipinin 9-nun mövcud olmasıdır. Bu yanaşma bəzən ictimai müzakirələrdə qarışıq şəkildə təqdim olunur və “əfsanə” kimi qiymətləndirilən anlayışların yaranmasına səbəb olur.
Bəs əslində iqlim qurşaqları ilə iqlim tipləri arasında fərq nədir və Azərbaycan bu sistemdə necə təsnif olunur?
Coğrafiya elmləri doktoru Səid Səfərov TodayPress TV-yə məsələni izah edib.

Onun sözlərinə görə, iqlim qurşaqları coğrafi enliklərlə birbaşa bağlıdır:
"İqlim qurşaqları enliklər üzrə müəyyən olunur. Yəni şimaldan cənuba, ekvatora doğru getdikcə dəyişir. Azərbaycanda əsasən iki iqlim qurşağı var: subtropik və mülayim. Subtropik iqlim özü də rütubətli və quru subtropik kimi bölünür. İqlim tipləri isə daha çox yerli fiziki-coğrafi xüsusiyyətlərdən asılıdır və bu səbəbdən eyni ölkə daxilində çoxsaylı iqlim müxtəliflikləri müşahidə oluna bilər. İqlim tipləri isə enlikdən asılı olmayaraq relyef, hündürlük və digər amillərə görə formalaşır. Məsələn, dağlıq ərazilərdə tundra tipinə yaxın iqlim, aşağı zonalarda isə mülayim, subtropik və hətta yarımsəhra iqlimi müşahidə olunur".
Ekspertin fikrincə, bu səbəbdən Azərbaycanda müxtəlif təsnifatlarda fərqli saylar ortaya çıxır:
"Bəzi təsnifatlarda ölkədə 11 iqlim tipindən 9-u göstərilir, digərlərində 8 tip qeyd olunur. Bu fərqlilik metodologiyadan asılıdır. Əsas anlaşılmazlıq “iqlim qurşağı” və “iqlim tipi” anlayışlarının qarışdırılmasından qaynaqlanır. İqlim qurşağı coğrafi mövqeyə görə müəyyən edilir, iqlim tipi isə həmin ərazinin real təbii şəraitinə görə formalaşır. Bu iki anlayış bir-birindən fərqlidir".
Qeyd edək ki, məlumatlara görə, Azərbaycanda əsasən subtropik və mülayim olmaqla 2-3 iqlim qurşağı (bəzi mənbələrə görə soyuq qurşaqla birlikdə 3) mövcuddur.
Türkan İsgəndərli
tag: Səid Səfərov,Coğrafiya elmləri doktoru,11 iqlim,Azərbaycan,Todaypress.tv,
