Böyrək daşlarında bakteriya aşkar edildi

Sağlamlıq

06.02.2026 19:30

Alimlər ilk dəfə olaraq qeyri-infeksion hesab edilən böyrək daşlarının tərkibində də bakteriyaların ola biləcəyini müəyyən ediblər.

TodayPress TV xəbər verir ki, söhbət ən çox rast gəlinən böyrək daşı növü olan kalsium oksalat daşlarından gedir.

Tədqiqat Kaliforniya Universitetinin (Los-Anceles) alimləri tərəfindən aparılıb.

İndiyədək böyrək daşlarının yaranması əsasən sidikdə duz və mineralların yüksək olması, eləcə də susuzlaşma ilə izah edilirdi və bu proses infeksiya ilə əlaqələndirilmirdi. Lakin yeni araşdırma bu yanaşmanı sual altına alıb.

Alimlər mikroskopik müayinələr zamanı xəstələrdən çıxarılan kalsium oksalat daşlarının daxilində bakteriya qrupları və biofilmlər aşkar ediblər. Maraqlıdır ki, bu hal hətta sidik yolu infeksiyası diaqnozu olmayan xəstələrdə də müşahidə olunub.

Bu kəşf bakteriyaların böyrək daşlarının yaranmasında fəal rol oynaya biləcəyini göstərir.

Mütəxəssislər hesab edirlər ki, gələcək tədqiqatlar bakteriyaların rolunu təsdiqləsə, böyrək daşlarının qarşısının alınması və müalicəsində yeni yanaşmalar tətbiq oluna bilər. Bu halda diqqət təkcə sidiyin kimyəvi tərkibinə deyil, həm də gizli bakterial infeksiyaların aşkarlanmasına yönələcək.

Türkan İsgəndərli

TodayPress TV

tag: Böyrək,Daş,Duz,Bakteriya,Todaypress.tv,