İqtisadçı: "Tranzit və logistika gəlirləri region ölkələri üçün vacib perspektiv açır"
İqtisadiyyat
06.01.2026 17:21
Prezident İlham Əliyev jurnalistlərə müsahibəsində bildirib ki, Ermənistan Naxçıvan vasitəsilə İranın dəmir yollarına, Azərbaycan vasitəsilə Rusiyanın dəmir yollarına çıxış əldə edəcək. Beləliklə, iqtisadi və nəqliyyat baxımından uduzan tərəf olmayacaq.
Mövzu ilə bağlı TodayPress TV-yə danışan iqtisadçı Günay Hüseynova bildirib ki, bu sahədə əməkdaşlıq həm ölkəmiz, həm Rusiya, həm İran, həmçinin Ermənistan üçün iqtisadi fayda təmin edəcək.

Onun sözlərinə görə, qlobal iqtisadiyyatda baş verən dəyişikliklər, geosiyasi balansın zaman-zaman pozulması və sadalanan ölkələrdən Ermənistan xaric digər ölkələrə tətbiq olunan sanksiyalar iqtisadi çətinliklər yaradıb:
"Əsas gəlirləri idxaldan ibarət olan ölkələr belə bir mühitdə alternativ gəlir mənbələrinə və yeni bazarlara çıxış imkanlarına, həmçinin xərclərin azaldılmasına yönəlirlər. Ölkəmiz üçün bu əməkdaşlıq tranzit və logistika gəlirləri, yeni iş yerlərinin açılması və s. baxımından əhəmiyyətli iqtisadi fayda təmin edəcək. Bundan əlavə, Naxçıvanla quru sərhədlə birbaşa çıxış imkanı və riskləri azaldan stabil gəlirlər xüsusi iqtisadi əhəmiyyət daşıyır. Lakin regionda hər hansı gərginlik və ya pozuntu riski mövcud qalır".
İqtisadçı əlavə edib ki, Rusiya və İranda davamlı iqtisadi təzyiqlər uzunmüddətli perspektivdə daxili iqtisadi gərginliyi artırıb. Hər iki ölkə üçün yeni bazarlara çıxış və tranzit gəlirlərinin artırılması ciddi iqtisadi fayda təmin edir.
Ermənistan baxımından isə ölkə faktiki olaraq blokada şəraitində yerləşir və tranzit gəlirləri onun üçün əsas gəlir mənbəyi idi:
"Təbii sərvətləri az olduğu üçün, qiymət sabitliyinin pozulması onun üçün əlavə məsrəf yaratmış olurdu. Daha rahat regional bazara çıxış isə Ermənistanın ixrac potensialını artırmağa imkan verəcək", - deyə Günay Hüseynova qeyd edib.
Türkan İsgəndərli
tag: Günay Hüseynova,İqtisadçı,Tranzit,Logistika ,Todaypress.tv,
