Yeni mövsümü planlaşdırırdı, amma istefa xəbəri aldı
“Liverpul” klubunun baş məşqçisi vəzifəsindən ayrılan Arne Slotun istefası ilə bağlı yeni detallar məlum olub.
TodayPress TV xəbər verir ki, “The Athletic”in məlumatına görə, şənbə günü səhər klubun idman direktoru Riçard Hyuz bu qərarı niderlandlı mütəxəssisə çatdırıb.
Mənbənin yazdığına görə, Slot belə bir qərarı gözləmirdi. O, son günlərə qədər komandanın mövsümöncəsi hazırlıq proqramı və yay transfer kampaniyası ilə bağlı müzakirələrdə fəal iştirak edirdi. Mütəxəssis şənbə gününədək futbolçularla yay planları və yeni mövsümə hazırlıq məsələlərini müzakirə edir, buraxılan səhvləri düzəltmək üçün ona daha bir şans veriləcəyinə inanırdı.
Bundan əlavə, Slot keçmişdə “Feyenoord”da birgə çalışdığı köməkçisi Etyen Reynenin yayda məşqçilər korpusuna qoşulması barədə razılıq əldə etmişdi.
Qeyd edək ki, daha əvvəl “Liverpul”un rəhbərliyi - idman direktoru Riçard Hyuz və futbol üzrə baş icraçı direktoru Maykl Edvards - nəticələrin pisləşməsinə təsir göstərən amilləri nəzərə alaraq Slotu dəstəkləyəcəklərini bildirmişdilər. Lakin mövsüm başa çatdıqdan sonra vəziyyəti təhlil edən klub rəhbərliyi həm soyunub-geyinmə otağındakı ab-havanı, həm də azarkeşlərin narazılığını nəzərə alaraq dəyişikliklərin vacib olduğu qənaətinə gəlib.
Arne Slot 2024-cü ilin yayından “Liverpul”a rəhbərlik edirdi. Onun rəhbərliyi altında komanda 2024/2025 mövsümündə İngiltərə çempionu olub. Geridə qalan mövsümdə isə mersisaydlılar 60 xal toplayaraq turnir cədvəlini beşinci pillədə başa vurublar.
Namiq HUN