Transferlər, narazılıq və boykot: Ronaldu qalmaqalı böyüyür

İdman

03.02.2026 10:07

Kriştianu Ronaldu Səudiyyə Ərəbistanı çempionatında “Ər-Riyad”a qarşı keçiriləcək oyunda “Əl-Nəsr”in heyətinə daxil edilməyib. Klubun rəsmi açıqlaması qərarın texniki səbəblərlə bağlı olduğunu bildirsə də, hadisə fonunda yayılan boykot iddiaları məsələyə fərqli rakursdan baxmağa əsas verir.

Portuqaliyanın nüfuzlu A Bola nəşrinin yaydığı məlumata görə, Ronaldu Səudiyyə Ərəbistanının Dövlət İnvestisiya Fondunun (PIF) klublara yanaşmasından narazıdır. Xüsusilə də eyni fondun nəzarətində olan “Əl-Hilal” və digər aparıcı klublarla müqayisədə “Əl-Nəsr”in daha zəif idarə olunduğunu düşünür.

Ronalduya yaxın mənbələrin iddiasına əsasən, əsas narazılıq transfer siyasəti ilə bağlıdır. Ulduz futbolçu hesab edir ki, komanda “transfer pəncərəsi” dövründə titul uğrunda mübarizə aparacaq səviyyədə gücləndirilməyib. Bu isə birbaşa çempionluq yarışında “Əl-Hilal”la fərqin açılmasına səbəb ola bilər.

Səudiyyə Ərəbistanı mətbuatının məlumatına görə, “Əl-Nəsr” klubu rəhbərliyi ölkə çempionatında “Ər-Riyad”la keçirilən oyundan (1:0) əvvəl və sonra futbolçuların və baş məşqçi Jorje Jezujun fləş-müsahibə zonasına çıxmasına icazə verməyib. Bu vəziyyət klub rəhbərliyindən narazı olan və “Ər-Riyad”la oyunda meydana çıxmaqdan imtina edən portuqaliyalı hücumçu Kriştiano Ronaldonun boykotu fonunda baş verib. Portuqaliyalı mütəxəssis “Ər-Riyad”la görüşdən sonra keçirilən mətbuat konfransında da iştirak etməyib. Jorje Jezuj oyundan sonra açıqlama verməməsinə görə üzr istəyib. Bu hadisəyə görə klubun yüksək məbləğdə cərimələnəcəyi gözlənilir.

Hazırda “Əl-Nəsr” XIX turdan sonra 46 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb və lider “Əl-Hilal”dan cəmi 1 xal geri qalır. Belə kritik mərhələdə Ronaldunun heyətdən kənarda qalması həm idman, həm də idarəetmə müstəvisində suallar doğurur.

Qeyd edək ki, Ronaldu karyerası boyunca yalnız meydanda deyil, klubdaxili qərarlarda da söz sahibi olan futbolçulardan olub. Onun “Əl-Nəsr”dəki mövqeyi də sıradan ulduz statusundan daha genişdir. Bu səbəbdən boykot xəbərləri təkcə bir oyunu deyil, klubun gələcək strategiyasını da gündəmə gətirir.

Namiq HUN

tag: Ronaldu, Ərəbistan, Əl-Nəsr, Forvard, Boykot, todaypress.tv,