Simeone məğlubiyyətin səbəblərini açıqladı
İdman
06.05.2026 09:15
Dieqo Simeone rəhbərlik etdiyi “Atletiko Madrid” komandasının “Arsenal” qarşısında UEFA Çempionlar Liqasının yarımfinalında məğlub olaraq turnirdən kənar qalmasını şərh edib.
TodayPress TV xəbər verir ki, bu barədə “Marca” nəşri məlumat yayıb.
Baş məşqçi bildirib ki, komanda uğurlu çıxış edib:
“Biz çox yaxşı kampaniya keçirdik. Bütün gücümüzü ortaya qoyduq və gözləniləndən daha uzağa getdik. Təəssüf ki, belə alındı, biz əlavə vaxta layiq idik. İlk oyunda qol imkanlarımız oldu, amma dəyərləndirə bilmədik. Londondakı matçın ikinci hissəsində rəqib meydanında daha çox oynadıq və şanslar yaratdıq. Bəzən xırda detallar sənin xeyrinə olmur”.
Dieqo Simeone rəqibini də təbrik edib:
“Arsenalı təbrik edirəm, yaxşı mübarizə apardılar. Onların komandası və məşqçisi xoşuma gəlir. Onların sabit yanaşması və ciddi maliyyə imkanları var. Biz isə işləməyə davam edəcəyik və bu məğlubiyyətə ilişib qalmayacağıq”.
“Atletiko Madrid” iki oyunun nəticəsinə əsasən (1:1, 0:1) turnirdə mübarizəni dayandırıb.
Qeyd edək ki, “Arsenal” finalda PSJ – “Bavariya” cütünün qalibi ilə qarşılaşacaq. İlk oyunda Fransa təmsilçisi 5:4 hesabı ilə qalib gəlib.
Namiq HUN
tag: Dieqo Simeone,Atletiko Madrid,Arsenal,UEFA,Todaypress.tv,
