Milyonluq müqavilə və nəhəng təzminat: "Bavariya" Oliseni əldən vermək istəmir!
“Bavariya” klubu fransalı vinger Maykl Oliseyə daha yaxşı maliyyə şərtləri ilə yeni müqavilə təklif etməyi planlaşdırır.
TodayPress TV xəbər verir ki, bu barədə “Footmercato” nəşri məlumat yayıb.
Almaniya nəhənginin rəhbərliyi futbolçunu müqavilənin müddətini uzatmağa razı salmaq üçün onu komandanın ən yüksək məvacib alan oyunçusuna çevirmək niyyətindədir.
Məlumata görə, fransalı futbolçunun yeni maaşı Harri Keyn və Camal Musialanın qazancını üstələyə bilər.
Xatırladaq ki, ötən ilin aprel ayına olan məlumata əsasən, ingilis hücumçu və almaniyalı yarımmüdafiəçi vergilər çıxılmadan ayda təxminən 2,1 milyon avro qazanırdılar. Olisenin Münhen klubu ilə hazırkı əmək müqaviləsi 2029-cu ilin yayına qədər nəzərdə tutulub.
Cavab addımı olaraq, yenilənmiş müqaviləyə mövcud sözləşmədə yer almayan iri məbləğdə təzminat qeydi (serbestqalma məbləği) daxil edilə bilər. “Bavariya”nın futbolçunun gələcəyini sığortalamaq istəyi onun yüksək məhsuldarlığı ilə bağlıdır.
Qeyd edək ki, ötən mövsüm Maykl Olise bütün turnirlər daxil olmaqla 52 matçda iştirak edib, 22 qol vurub və 31 məhsuldar ötürmə müəllifi olub.
Namiq HUN