“Kəpəz”də narahatlıq: Veysəl Rzayevlə bağlı araşdırma aparılır
İdman
03.02.2026 09:20
“Kəpəz” klubunun futbolçusu Veysəl Rzayevin xəstəxanaya yerləşdirilməsi Azərbaycan futbol ictimaiyyətində ciddi narahatlıq doğurub. Gənc yarımmüdafiəçi kəsilmiş-deşilmiş yaralarla tibbi müəssisəyə çatdırılıb və ona təcili yardım göstərilib.
TodayPress TV-nin gencexeber.az-a istinadən yaydığı məlumata görə, futbolçu üzərində cərrahi əməliyyat aparılıb.
Həkimlər onun vəziyyətini orta-ağır kimi qiymətləndirirlər. Hazırda Rzayev həkim nəzarəti altındadır və yaxın günlərdə səhhəti ilə bağlı əlavə məlumatın açıqlanacağı gözlənilir.
Hadisənin başvermə şəraiti ilə bağlı rəsmi detallar açıqlanmasa da, fakt üzrə hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparıldığı təsdiqlənib. Bu isə olayın sırf məişət hadisəsi olmadığını ehtimal etməyə əsas verir. Tərəflərin susqunluğu isə müxtəlif suallar doğurur.
Qeyd edək ki, 2002-ci il təvəllüdlü Veysəl Rzayev ötən ay qış transfer pəncərəsində “Turan Tovuz”dan “Kəpəz”ə keçib. Yeni klubunda əsas heyətə namizəd futbolçulardan biri kimi görülən Rzayev üçün bu hadisə həm karyerası, həm də komandanın planları baxımından ciddi zərbə sayıla bilər.
Mövsümün həlledici mərhələsində baş verən bu hadisə “Kəpəz”in heyət dərinliyinə də təsir göstərə bilər.
Namiq HUN
tag: Kəpəz,Veysəl Rzayev,Bıçaqlanma,Klub,Todaypress.tv,
