“Bakı-Xankəndi” yarışında son finiş geridə qaldı
“Bakı-Xankəndi” veloyürüşü yarışının son mərhələsinin qalibi müəyyənləşib.
TodayPress TV xəbər verir ki, Tərtər–Xankəndi marşrutunda finiş xəttini ilk keçən Yeni Zelandiya velosipedçisi Coş Barnett olub.
Velosipedçi məsafəni 4 saat 16 dəqiqə 35 saniyəyə tamamlayıb. “XDS Astana” Team komandasının üzvü Henok Mulubrhan ikinci, “Burgos Burpellet” BH komandasının uruqvaylı təmsilçisi Erik Antonio Faqundes isə üçüncü yeri tutub.
Qeyd edək ki, yarışın Gəncə–Göygöl–Goranboy–Ağdərə (Suqovuşan və Talış kəndləri)–Naftalan marşrutu üzrə keçirilən dördüncü mərhələsinin qalibi İtaliyanın “Bardiani CSF Faizane” komandasının üzvü Marco Manenti olmuşdu.
Qəbələ–İsmayıllı marşrutu üzrə üçüncü mərhələdə “XDS Astana Team” komandasının rusiyalı velosipedçisi Qleb Suritsa birinci yeri tutub.
Bakı–İsmayıllı üzrə ikinci mərhələnin qalibi isə yenə “XDS Astana”nın üzvü Yevgeni Fyodorov olub.
Bakı–Sumqayıt marşrutunda keçirilən ilk mərhələdə isə Çinin “Li-Ning Star” komandasının belaruslu üzvü Aleksey Şnirko finiş xəttini hamıdan əvvəl keçib.
Xatırladaq ki, Beynəlxalq Velosipedçilər İttifaqının 2.1 kateqoriyalı yarışında dünyanın 20 ölkəsini təmsil edən 24 komanda iştirak edib.
Namiq HUN