Kim Kardaşyan Bakıya gələ bilər
Amerikalı şou ulduzu Kim Kardaşyanın “Formula 1” üzrə yeddiqat dünya çempionu Luis Hemiltonu dəstəkləmək üçün Bakıda keçiriləcək Azərbaycan Qran-Prisinə gələ biləcəyi iddia olunur.
TodayPress TV xəbər verir ki, bu barədə xarici şou-biznes və “Formula 1” mediasında məlumatlar yayılıb.
Kardaşyan və Hemiltonun münasibətlərinin son aylarda daha da ciddiləşdiyi bildirilir. Kardaşyan iyunda keçirilən Monako Qran-Prisində Hemiltonu tribunadan dəstəkləyib. Daha sonra onların münasibətlərinin romantik xarakter daşıdığı barədə məlumatlar geniş yayılıb.
Avqust ayında yayılan məlumatlarda isə Kardaşyanın Hemiltonun qarşıdakı yarışlarından hansında iştirak edəcəyinin hələ məlum olmadığı qeyd olunub. Bununla belə, Hemiltonun sentyabrda İtaliya, İspaniya və Azərbaycan Qran-Prilərində mübarizə aparacağı vurğulanıb.
Bəzi xarici mənbələr Kardaşyanın qarşıdakı yarışlardan birində Hemiltonu tribunadan dəstəkləyə biləcəyini ehtimal edir. Azərbaycan Qran-Prisinin də bu yarışlar sırasında olması Bakıya mümkün səfərlə bağlı iddialara səbəb olub. Lakin Kardaşyanın məhz Bakıdakı yarışa qatılacağı barədə hazırda rəsmi təsdiqlənmiş məlumat yoxdur.
Azərbaycan Qran-Prisi sentyabrın 26-da Bakı Şəhər Halqasında keçiriləcək.
Kübra Musayeva