Venesuela kütləvi əfv elan etdi - Kimlər azad olunacaq?
Dünya
31.01.2026 13:00
Venesuelada prezident səlahiyyətlərini icra edən Delsi Rodrigez siyasi səbəblərlə həbs edilən yüzlərlə şəxsin azadlığa buraxılmasına imkan verə biləcək əfv qanun layihəsini elan edib.
TodayPress TV xəbər verir ki, bu barədə "Associated Press" məlumat yayıb.
Sərbəst buraxılması mümkün olanlar arasında müxalifət liderləri, jurnalistlər və insan haqları müdafiəçiləri də var.
Bu addım ABŞ tərəfindən dəstəklənən müxalifətin uzun müddətdir tələb etdiyi güzəştlərdən biri hesab olunur. Qanun layihəsi Rodrigezin yanvarın 3-də Karakasda baş verən hərbi basqından və prezident Nikolas Maduronun qaçırılmasından sonra vəzifəyə başlamasından bəri atdığı son addım kimi qiymətləndirilir.
Rodrigez bildirib ki, hakim partiyanın nəzarətində olan Milli Assambleya qanun layihəsini təcili qaydada nəzərdən keçirəcək. Televiziya ilə yayımlanan çıxışında o qeyd edib ki, bu qanun ölkədə siyasi qarşıdurma nəticəsində yaranmış yaraların sağalmasına, ədalətin bərpasına və venesuelalılar arasında birgəyaşayışın möhkəmlənməsinə xidmət etməlidir.
Bundan əlavə, Delsi Rodrigez Karakasda yerləşən məşhur Helicoid həbsxanasının bağlandığını da elan edib. Onun sözlərinə görə, bu bina gələcəkdə polis əməkdaşları və yerli sakinlər üçün idman, sosial və mədəni mərkəzə çevriləcək.
Türkan İsgəndərli
tag: Venesuela,Prezident,Həbs,Əfv,Todaypress.tv,
