Tramp İranın dağlarını dəlməyi düşünür - Bombalar yerin təkində gizlədilib
ABŞ prezidenti Donald Trampın administrasiyası İrana qarşı hərbi əməliyyatların genişləndirilməsi ssenarilərini müzakirə edir.
TodayPress TV xəbər verir ki, "The Wall Street Journal" nəşrinin məlumatına görə, ABŞ Prezidenti Donald Tramp administrasiyası İrana qarşı hərbi əməliyyatların genişləndirilməsi ilə bağlı bir neçə variantı nəzərdən keçirir.
Məlumata əsasən, Ağ Evdə keçirilən müşavirədə üç mümkün ssenari müzakirə olunub.
Birinci variant İranın əsas neft ixrac mərkəzlərindən biri olan Xarq adasının ABŞ qüvvələrinin iştirakı ilə nəzarətə götürülməsini nəzərdə tutur.
İkinci ssenari İranın nüvə proqramı ilə əlaqələndirilən və indiyədək ABŞ tərəfindən hədəfə alınmadığı bildirilən “Piks-Mauntin” yeraltı kompleksinə aviazərbələrin endirilməsidir. Nəşrin iddiasına görə, qranit süxurların altında 90–145 metr dərinlikdə yerləşən tunellər mövcud bunker əleyhinə bombalar üçün belə əlçatmaz ola bilər.
Üçüncü variant isə ABŞ-ın hava zərbələrinin İranın enerji infrastrukturunu da əhatə edəcək şəkildə genişləndirilməsini nəzərdə tutur.
Tramp hələlik bu ssenarilərdən heç biri ilə bağlı yekun qərar qəbul etməyib.
Nicat Osmanlı