Bakı Ankara və Təl-Əviv arasında… - İsrail
İsrail və Türkiyə arasında münasibətlər gərgin olaraq qalır.
TodayPress TV xəbər verir ki, İsrailin “Haaretz” qəzetinə danışan hökumət rəsmisinin sözlərinə görə, hazırda iki ölkə arasında diplomatik əlaqələr məhdudlaşıb və Azərbaycan üzərindən məlumat mübadiləsi də son aylarda azalıb.
Məlumata görə, ötən il İsrail və Türkiyənin yüksək vəzifəli təhlükəsizlik rəsmiləri Bakıda görüşərək Suriya ərazisində tərəflər arasında birbaşa toqquşmaların qarşısını almaq məqsədilə məlumat mübadiləsi kanalının yaradılması barədə razılığa gəliblər. Bu kanal uzun müddət İsrail-Türkiyə münasibətlərindəki gərginliyin nəzarətdə saxlanmasına kömək edib.
Lakin İsrailin Suriyanın Türkiyə ilə sərhədə yaxın şimal bölgəsində yerləşən aviabazaya zərbə endirməsindən sonra tərəflər arasında gərginlik yenidən artıb.
İsrailli yüksək vəzifəli rəsmi hazırda Türkiyə ilə heç bir dialoqun olmadığını bildirib və Ankaranı “rəqib dövlət” kimi qiymətləndirib.
Rəsmi, həmçinin İsrail və Dəməşq arasında təhlükəsizlik razılaşması ilə bağlı danışıqların İsrailin bufer zonadan qoşunlarını çıxarmaqdan imtina etməsi səbəbindən uğursuzluqla nəticələndiyini təsdiqləyib.
İsrail tərəfi danışıqların gedişinə təsir edən amillərdən birinin ABŞ və digər ölkələrin Suriyaya qarşı tətbiq olunan bəzi sanksiyaları yumşaltması olduğunu düşünür.
Mənbənin sözlərinə görə, sanksiyaların zəiflədilməsindən sonra Suriyanın İsraillə razılaşmaya nail olmaq motivasiyası azalıb.
Kübra Musayeva