Polşada qərar dəyişdi: Minlərlə ukraynalı evsiz qala bilər

Polşada qərar dəyişdi: Minlərlə ukraynalı evsiz qala bilər
03.07.2026 03:37 Dünya

İyulun 1-dən etibarən Polşada ukraynalı qaçqınlarla bağlı yeni məhdudiyyətlər qüvvəyə minib. Artıq dövlət kollektiv yerləşdirmə mərkəzlərində yaşayan qaçqınların əksəriyyətinin yaşayış xərclərini qarşılamayacaq.

TodayPress TV xəbər verir ki, Polşa hökuməti bu qərarı ukraynalı qaçqınların böyük hissəsinin artıq işləməsi və özünü təmin edə bilməsi ilə əsaslandırıb.

Yeni qaydalara əsasən, ödənişsiz yaşayış hüququ yalnız əlilliyi olan şəxslər, hamilə qadınlar, Polşa pensiyası almayan və ölkədə yaxın qohumları olmayan pensiyaçılar üçün saxlanılacaq.

Yerləşdirmə mərkəzlərinin rəhbərlərinin qiymətləndirməsinə görə, dəyişikliklər hazırkı sakinlərin təxminən 40 faizinə, əsasən də uşaqlı tənha analara təsir edəcək. Hüquq müdafiəçiləri bildirirlər ki, bəzi ailələr kirayə haqqını ödəyə bilmədikləri üçün mənzilsiz qalmaq riski ilə üzləşə bilər.

Polşa hakimiyyəti isə ən çətin vəziyyətdə olan şəxslərin müraciətlərinə fərdi qaydada baxılacağını açıqlayıb. Həmçinin uşaqların əlavə ödəniş etmədən bu mərkəzlərdə qalmasını təmin edəcək qanunvericilik dəyişiklikləri hazırlanır. Polşanın ailə, əmək və sosial siyasət naziri Agneşka Dzemyanoviç-Bonk ehtiyacı olan heç kimin yardımsız qalmayacağını bildirib.

Kübra Musayeva

XƏBƏR LENTİ
03 IYUL 2026
Bütün Xəbərlər