Magyardan Brüssel vədi: "Aİ vəsaitləri tezliklə Macarıstana daxil olacaq"
Dünya
29.04.2026 21:55
Avropa Komissiyasının sədri Ursula fon der Lyayen və Macarıstanın yeni Baş naziri Peter Magyar qanunun aliliyi və korrupsiya ilə bağlı narahatlıqlar səbəbindən dondurulmuş Avropa İttifaqı (Aİ) vəsaitlərinin sərbəst buraxılmasını müzakirə ediblər.
TodayPress TV xəbər verir ki, bu barədə Fon der Lyayen "X"də yazıb.
O, Brüsseldə çox səmərəli fikir mübadiləsi apardıqlarını və əsas diqqətin Macarıstan üçün ayrılmış Aİ vəsaitlərinin blokdan çıxarılması məqsədilə zəruri olan addımlara yönəldiyini bildirib.
Eyni zamanda Peter Magyar "Facebook" hesabında görüşü son dərəcə konstruktiv və məhsuldar kimi xarakterizə edib. O vurğulayıb ki, tərəflər Macarıstanın Aİ maliyyəsinə çıxışını bərpa etmək məqsədilə siyasi razılaşmanı yekunlaşdırmaq üçün onun yenidən Brüsselə qayıtması barədə razılığa gəliblər.
“Hər kəsi əmin etmək istərdim ki, Avropa İttifaqı ölkəmizin maraqlarına zidd olan heç bir şərt irəli sürmür. Qısaca desək, Aİ vəsaitləri tezliklə Macarıstana daxil olacaq və bu vəsaitlərin köməyi ilə biz Macarıstan iqtisadiyyatını canlandıra, normal fəaliyyət göstərən və humanist bir ölkə üçün zəruri olan inkişaf layihələrini həyata keçirə biləcəyik”, - deyə Magyar bildirib.
Aysel Mətləb
tag: Avropa İttifaqı , Fon der Lyayen,Peter Magyar,Macarıstan,TodayPress TV,
