İsrail əməliyyat zamanı Livanda dini binaya zərər vurduğunu açıqladı

Dünya

02.05.2026 22:43

Cənubi Livanın Yarun kəndində keçirilən əməliyyat zamanı İsrail bölmələri "Hizbullah"ın infrastrukturuna qarşı fəaliyyət göstərərkən "dini binaya" zərər vurublar.

TodayPress TV xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusu məlumat yayıb.

Ordu nümayəndəsi Avixay Adrainin sözlərinə görə, ilkin olaraq obyektin dini təyinatlı olduğuna dair heç bir əlamət olmayıb. O qeyd edib ki, kompleksdəki digər binalarda müvafiq əlamətlər aşkar edildikdən sonra hərbçilər daha çox zərərin qarşısını almaq üçün tədbirlər görüblər.

Həmçinin bəyan edilib ki, sözügedən ərazi İsrailə raket atmaq üçün istifadə edilib.

Xatırladaq ki, bundan əvvəl Livan parlamentinin sədri Nəbih Berri ölkənin cənubundakı məscid və kilsələrə zərər vurduğuna görə İsrailin məsuliyyətə cəlb olunmasına çağırış edib.

Onun sözlərinə görə, şənbə günü İsrail hərbçiləri tərəfindən Nəbatiyə yaxınlığındakı Əd-Duveyr qəsəbəsində yerləşən tarixi şiə məscidi tamamilə dağıdılıb. O, həmçinin qeyd edib ki, mayın 1-də Yarundakı "Sakre Ker" katolik qadın monastırı və ona məxsus missioner məktəbi atəşə tutulub. Berri əlavə edib ki, buna görə aprelin 19-da Deyr-Siryanda İsa Məsihin heykəlini və daha əvvəl Bint-Cübeyldəki Böyük Məscidi dağıdan həmin İsrail əsgərləri məsuliyyət daşıyır.


Aysel Mətləb

TodayPress TV

tag: İsrail,Livan,Nəbih Berri,Hizbullah,TodayPress TV,