İrəvan və Ankara yeni layihəyə başlayır

Dünya

19.03.2026 17:18

Ermənistan layihənin iqtisadi komponentinin qiymətləndirilməsinə başlamağa hazırdır və qarşılıqlı fayda prinsipi əsasında Türkiyədən də oxşar addımlar gözləyir.

TodayPress TV "Sputnik Ermənistan"a istinadən xəbər verir ki, Ərazi İdarəetmə və İnfrastruktur naziri David Xudatyan mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, məsələ 10 mart tarixində Parisdə keçirilən Nüvə Enerjisi Zirvəsi çərçivəsində Türkiyənin energetika naziri Alparslan Bayraktar ilə müzakirə olunub.

Görüş zamanı enerji sistemlərinin sinxronlaşdırılması imkanları nəzərdən keçirilib. Bu isə əhəmiyyətli iqtisadi fayda verə və şəbəkənin dayanıqlığını artıra bilər.

“Lazım olan investisiya həcmini müəyyən etmək üçün araşdırma aparılması qərara alınıb. Biz bu işə yaxın vaxtlarda başlamağa hazırıq və türk tərəfdaşlarımızdan da eyni yanaşmanı gözləyirik”, – deyə Xudatyan qeyd edib.

Nazir əlavə edib ki, görüş zamanı digər məsələlər müzakirə olunmayıb.

Jalə Rövşən 

TodayPress TV

tag: Ermənistan,Türkiyə,David Xudatyan,İqtisadiyyat ,Todaypress.tv,