İki milyon abunəçisi olan İnstaqram hesabında İlham Əliyevin fikirləri paylaşıldı
Amerikanın Breitbart News nəşri rəsmi İnstaqram hesabında Azərbaycan Prezidenti İlham Əliyevin IV Şuşa Qlobal Media Forumundakı çıxışına həsr olunmuş paylaşım edib.
TodayPress TV "Minval"a istinadən xəbər verir ki, material nəşrin çoxmilyonluq auditoriyasına təqdim edilib.
Nəşrdə İlham Əliyevin ABŞ Prezidenti Donald Trampın sülhməramlı səylərinə verdiyi yüksək qiymət və onun Azərbaycanla Ermənistan arasında tarixi sülh sazişinin əldə edilməsindəki əsas rolu xüsusilə vurğulanır.
Amerika nəşri Azərbaycan prezidentinin sözlərini sitat gətirir: "Donald Tramp sülhü sevən və onu bir fürsət kimi görən bir insandır".
Breitbart News-un qeyd etdiyi kimi, İlham Əliyev bildirib ki, Bakı ilə Yerevan arasında danışıqlar son mərhələyə çatanda Tramp və komandası Azərbaycanın mövqeyini nəzərə alıb, Ermənistan tərəfini sülh yolu ilə həllin faydalarına inandırıb və sazişin imzalanmasını mümkün edən şərait yaradıb. İlham Əliyev xatırladıb ki, ötən ilin avqust ayında Donald Tramp onu və Ermənistanın baş naziri Nikol Paşinyanı Ağ Evdə qəbul edib. Görüşdən sonra liderlər birgə bəyannamə imzalayıblar və xarici işlər nazirləri sülh sazişini paraflayıblar. Bundan əlavə, əldə edilən razılaşmaların həyata keçirilməsinə nəzarət etmək üçün birgə ABŞ-Azərbaycan işçi qrupu yaradılıb.
"Yaddaşımda ilk dəfədir ki, Amerika rəsmiləri vədlərini bu qədər dəqiq yerinə yetirirlər", - deyə Azərbaycan Prezidenti qeyd edib.
Qeyd edək ki, "Breitbart News" hesabının təxminən 2 milyon abunəçisi var.
Jalə Rövşən