Ermənistan hələ də Avropa İttifaqının aviasiya üzrə “qara siyahısı”nda qalır.
TodayPress TV "Sputnik Ermənistan"a istinadən xəbər verir ki, bunu Ermənistanın Ərazi İdarəetmə və İnfrastruktur naziri David Xudatyan deyib.
Nazirin sözlərinə görə, bunun səbəbi audit zamanı qeydə alınmış problemlərdir.
“Sentyabr ayında aparılan auditdən sonra müəyyən edilmiş çatışmazlıqların təxminən 60 faizi aradan qaldırılıb. Qara siyahıdan mümkün qədər tez çıxmaq üçün qalan məsələlərin həlli üzərində işi davam etdiririk”, – deyə Xudatyan bildirib.
Pozuntuların mahiyyəti ilə bağlı suala cavab verən nazir qeyd edib ki, həm texniki xarakterli problemlər, həm də qanunvericilik və struktur dəyişiklikləri tələb edən məsələlər mövcuddur.
Xatırladaq ki, 2020-ci ildə Avropa Komissiyası aviasiya təhlükəsizliyi ilə bağlı bütün Ermənistan aviaşirkətlərini “qara siyahı”ya daxil etmişdi. Bu, beynəlxalq aviasiya təhlükəsizliyi standartlarına əməl olunmaması səbəbindən həmin aviadaşıyıcılara Aİ hava məkanında fəaliyyət göstərməyə icazə verilməməsi demək idi. Ermənistan bu siyahıya Əfqanıstan, Anqola, Konqo, Nepal, Sudan və digər ölkələrlə yanaşı daxil edilmişdi.
Buna baxmayaraq, 15 noyabr 2021-ci ildə Ermənistan və Avropa İttifaqı arasında aviasiya sazişi imzalanıb. Lakin bu sazişin icrası yalnız Ermənistanın aviasiya təhlükəsizliyi, hava hərəkətinin idarə olunması, ətraf mühitin mühafizəsi, iqtisadi tənzimləmə və istehlakçı hüquqlarının qorunması sahələrində milli qanunvericiliyini Aİ standartlarına daha da uyğunlaşdıracağı təqdirdə mümkün olacaq.
Jalə Rövşən
